ABŞ prezidenti Donald Tramp Çindən gələn təxminən 200 milyard dollar dəyərində məhsullar üçün 10% nisbətində nəzərdə tutulan rüsumları təqribən 25% artırılması üçün təlimat verdiyini açıqlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Nümayəndəsi Robert Laythayzer məlumat verib.
“Prezident Tramp iyunun 18-də Çinin ABŞ məhsullarına qoyulmuş rüsum xərclərinin artırılmasından sonra, amerikalı işçilərin və şirkətlərin itkilərinə qarşılıq olaraq, 200 milyard dollar dəyərindəki Çin məhsullarına yeni vergi rüsumları təyin etmək barədə mənə əmr verdi. Bu istiqamətdə çalışmalara iyulun 10-da başladıq. Prezident Tramp isə bu həftə nəzərdə tutulan tarif nisbətini 10%-dən 25%-ə yüksəltmək istiqamətində təlimat verdi. Bu qərar iyulun 10-da açıqlanan məhsullara tətbiq ediləcək” – deyə Laythayzer qərarla bağlı danışarkən bildirib.
O, “ABŞ Ticarət Nümayəndəliyi”nin (USTR) yeni qərarının 5 min fərqli çeşidli məhsula aid ediləcəyini açıqlayıb. Siyahıda dəniz məhsullarından, idman, təbii və kimyəvi minerallardan, meyvə-tərəvəz, tütün məmulatlarından avtomobil təkərlərinə qədər bir çox məhsulun olduğu bildirilib.
Ekspertlərin fikrincə, Tramp administrasiyasının bu qərarı Pekin hakimiyyəti ilə “donmuş vəziyyətdə olan” danışıqları yenidən canlandırmaq məqsədiylə həyata keçirilir.
ABŞ ilə Çin arasındakı “ticarət müharibəsi”nin başlanğıcı Tramp rəhbərliyinin martın 23-də polad və alüminium idxalına əvvəlcə 25%, daha sonra isə 10% əlavə gömrük vergisi gətirməsiylə başlayıb.
Çin isə Vaşinqtonun polad və alüminium məhsullarına əlavə gömrük vergilərinə cavab olaraq apreldə ABŞ mənşəli 128 məhsula 15% və 25% arasında rüsum qoymuşdu. Bunun ardından ABŞ 50 milyard dəyərində Çin məhsuluna əlavə 25% vergi rüsumu tətbiq edəcəyini açıqlamışdı.
Pekin ABŞ-ın yalnız Çini əhatə edən bu qərarına gecikmədən cavab vermişdi. Çin Ticarət Nazirliyi, ABŞ-dan idxal edilən 50 milyard dollar məbləğində 659 məhsula 25% gömrük vergisi gətiriləcəyini bildirmişdi.
ABŞ prezidenti Donald Tramp iyunun 18-də Çinin açıqladığı tarifə cavab verərək, 200 milyard dollar dəyərindəki məhsullara da 10% gömrük vergisi tətbiq olunması təlimatını verdi.
iyulun 6-da ABŞ rəhbərliyi Çindən idxal edilən 34 milyard dollar dəyərindəki 800-dən çox məhsula 25% əlavə gömrük vergisi tətbiqini rəsmən başlatdı.
İndi isə Çin rəsmilərinin ABŞ-ın indiyə qədər həyata keçirdiyi ticarət addımlarına “qisasa qisas” adını verdiyi bu hadisələrin gedişində əvvəl 10% olaraq açıqlanan əlavə vergi rüsumunun 25%-ə yüksəldilməsinə necə cavab verəcəyi maraqla gözlənilir.