İki nəvəsini öldürüb intihar edən nənə – Dəhşətli hadisənin TƏFƏRRÜATI

Yanvarın 29-da Bakının Nizami rayonunda iki azyaşlının öldürülməsi və daha sonra uşaqların nənəsinin intiharı ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.

Yenicag.az xəbər verir ki, bu haqda Oxu.Az-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verilib.

Qeyd edək ki, ötən gün 18:00 radələrində 6 yaşlı Alsu Pikulo və 2 yaşlı Marat Pikulonun üzərində zorakılıq əlamətləri olan meyitlərinin, nənələri 1963-cü il təvəllüdlü Nina Allahverdiyevanın isə asılmış vəziyyətdə meyitinin birgə yaşadıqları paytaxtın Nizami rayonu, Rüstəmov küçəsi, 24 saylı evin 2-ci mərtəbəsində yerləşən 59-cu mənzilində aşkar olunub.

Hadisə yerinə baxış keçirən istintaq-əməliyyat qrupunun üzvləri qadının nəvələrini iplə boğaraq, daha sonra isə intihar etdiyi qənaətinə gəliblər.

Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə cinayət işi başlanılıb.

Bundan əlavə məlum olub ki, N.Allahverdiyeva qızı Lilii Pikulonun ailəsi ilə yaşayıb və nəvələrinə baxıb.

Faciə günorta saatlarında baş verib. L.Pikulo hüquq-mühafizə orqanları ilə söhbət əsnasında bildirib ki, işdə olan vaxt evdə hər şeyin qaydasında olduğunu öyrənmək məqsədi ilə anasına zəng edib. Bir neçə uğursuz cəhddən sonra narahat olan qadın evinə yollanıb və dəhşətli mənzərə ilə qarşılaşıb.

Anası özünü mənzilin qapısından asıb. Səliqə ilə geyindirilmiş uşaqların meyitləri isə uşaq çarpayısının yanına uzadılıb.

Qonşular L.Pikulonun ailəsini müsbət xarakterizə ediblər. N.Allahverdiyevanın isə sakit və adekvat qadın olduğunu, nəvələrini çox istədiyini qeyd ediblər.

Güman edilir ki, cinayətin törədilməsinə səbəb N.Allahverdiyevanın psixi pozğunluğunun olmasıdır. Hazırda istintaq digər motivlərə sahib deyil.

Qafqazinfo-nun əməkdaşları bu gün hadisə baş verən ərazidə olublar. Onlara bildirilib ki, dünən Vadim səhər saat 11-də uşaqları evdə nənəsi ilə qoyaraq işə gedib və axşamüstü saat 17 radələrində evə gəlib. Lakin qapının bağlı olduğunu və nənənin qapını açmadığını görərək, açar yerini sındırıb və içəri daxil olub. Hazırda da qapı həmin vəziyyətdə qalır.
Uşaqların anası, 35 yaşlı Allahverdiyeva-Pikulo Liliya Tofiq qızı isə həmin vaxt orada olmayıb.
Liliya həyat yoldaşı Vadimlə 2012-ci ildə ailə həyatı qurub. Qonşularla söhbətdə o da məlum olub ki, ailə 6-7 ay öncə binadan ev alaraq təmir etdirib və bura köçüb.
Nənə Nina hər gün uşaqları həyətə düşürüb gəzdirirmiş. Ümumilikdə, ailə üzvləri mədəni və sakit insanlar olublar. Onlar nənənin hərəkətlərində hər hansı əsəbilik, psixoloji problem hiss etməyiblər. O, həftəsonları Sumqayıtdakı digər övladının yanına gedib, orada qalırmış.
Həftəiçi isə valideynlər işə getdiyi üçün gəlib qızı Liliyanın uşaqlarına baxırmış. Ailə bundan öncə də Sumqayıtda yaşayıb. Onlar metis etnik qrupuna aiddirlər. Rus əsilli nənə Nina Allahverdiyevanın əri Tofiq azərbaycanlı olub.
Qonşular isə hələ də nənənin belə bir hadisəni törədəcəyinə inanmadıqlarını, bu işdə üçüncü bir şəxs tərəfindən cinayət əməlinin ola biləcəyini ehtimal edirlər.
Pikulo ailəsi binanın ikinci mərtəbəsində yaşayıb, onların mənzilinin üstündəki evin pəncərəsində blokun girişini çəkən kamera quraşdırılıb. Bütün bunları isə istintaq araşdırıb, fərziyyə və şübhələrə son qoyacaq nəticəni ictimaiyyətə açıqlayacaq.
Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən binanın həyətində tam sakitlik idi. Qonşular, hər kəs dünənki kimi öz işində idi. Həyətdə hər hansı mağar və ya məclis qurulmayıb.
Bu faciəvi hadisənin yas məclisinin xərclərini rayonun başçısı Arif Qasımovun tapşırığı ilə icra hakimiyyəti öz üzərinə götürüb. Hazırda meyitlər morqda olduğu üçün uşaqların atası Vadim də oradadır. Onunla razılaşdırıldıqdan sonra ya binanın həyətində mağar qurulacaq, ya da ərazidəki mərasim evlərinin birində yas məclisi təşkil olunacaq.
COP29