İki OD ARASINDA: “Rusiya və İran bizim üçün təhdiddir”

“Azərbaycana İran və Rusiyadan lazım gəldi-gəlmədi təhdidlər var”.

Bu sözləri Azərbaycana qarşı risklər və bunun qarşısının alınması üçün atılan addımları Yenicag.az-a şərh edən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.

Onun sözlərinə görə, Azərbaycana qarşı əsas təhdid Rusiya və İrandandır:

“Azərbaycana qarşı daxildən təhdid yoxdur. Daxildə siyasi sistemə qarşı basqılar oldu, ancaq birgə səngərə girmək halları müşahidə olunur. Hakimiyyət və müxalifət arası əməkdaşlıq formatı var. Əgər burada çatlar olsa idi, o zaman deyə bilərdik ki, daxildən təhdid var.

Rusiya və İran tarixən bizim üçün də, dünya üçün də təhdiddir. Düzdür, hər iki ölkə ağır zərbələr alıblar, ancaq onların hədəflərində Azərbaycan var. Azərbaycan türk dünyasının ürəyidir, Orta Asiya ilə Türkiyəni birləşdirən körpüdür. Azərbaycanın üzərində bu qədər oyunların səbəbi budur. Azərbaycan ram olunsa, Türkiyə qalır Avropa tərəfdə, Türküstan qalır Asiya tərəfdə. Ortaya isə düşmənlər girir. Bunun Gürcüstanda nümunələrini görmüşük. Axısqa türkləri sürgün olundu, yerlərinə ermənilər yerləşdirildi. Borçalının üzərində oyunlar getdi, ancaq bunu durdura bildik”.

“Azərbaycana İran və Rusiyadan lazım gəldi-gəlmədi təhdidlər var. Bu baxımdan, bilməliyik ki, bizim Rusiyanın əleyhinə olmamızın səbəbi etnik kimlik yox, Rusiyanın hərbi-siyasi maşınının Azərbaycanı təhdid etməsi ilə bağlıdır. O cümlədən bu İrana da aiddir. Hər iki dövlət Azərbaycana düşmən dövlətlərdir. Onları biz dosta çevirib-çevirə bilməməyimiz tarix göstərəcək”, – deyə o, fikirlərini tamamlayıb.

Səxavət Məmməd