“İki ölkənin istər siyasi, istərsə də iqtisadi münasibətlərində yeni mərhələyə keçid…” – RƏY

“Azərbaycanla Rusiya arasında siyasi-iqtisadi münasibətlər bundan sonra da sabit qaydada inkişaf edəcək”.

Bu fikirləri Azərbaycanla Rusiya arasında imzalanmış müttəfiqlik sazişinin 1-ci ildönümündə qarşılıqlı əlaqələrin mövcud vəziyyəti haqda danışan Milli Məclisin deputatı Aydın Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin qənaətinə görə, Azərbaycanla Rusiya arasında siyasi-iqtisadi münasibətlər bundan sonra da sabit qaydada inkişaf edəcək:

“Qeyd edildiyi kimi, Azərbaycanla Rusiya arasında müttəfiqlik sazişinin imzalanmasından bir il ötür və bu müddət ərzində ikitərəfli əlaqələrin genişləndiyi müşahidə olunur.

Konkret desək, iki ölkənin istər siyasi, istərsə də iqtisadi münasibətlərində yeni mərhələyə keçid baş verib və bu amil qarşılıqlı faydalı əməkdaşlığın inkişafına çox münbit zəmin yaradıb.

Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Rusiya Azərbaycanın qonşusu olaraq, regionda sabitliyin bərqərar edilməsində yaxından iştirak edən, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşan bir ölkədir.

Hesab edirəm ki, Azərbaycanla Rusiya arasında siyasi-iqtisadi münasibətlər bundan sonra da sabit qaydada inkişaf edəcək və əməkdaşlıq potensialından tam istifadə olunacaq”.

A.Zeynalov