Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olumuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, əməliyyat zamanı rayonun Qırxçıraq kənd sakini Elman Cəlalov və qardaşı Əlizamin şübhəli şəxs qismində tutulublar.
Əvvəlcə Elman Cəlalovun yaşadığı həyətyanı sahəyə baxış keçirilən zaman aqrotexniki qaydada əkib-becərilmiş 211 ədəd narkotik tərkibli çətənə kolu aşkarlanıb. Elman Cəlalov ifadəsində narkotik tərkibli bitkiləri əkib qulluq etdiyini etiraf edib.
Həyətyanı sahələrdə aşkar edilmiş çətənə kolları hal şahidlərinin iştirakı ilə çıxarılaraq qablaşdırılıb və polis şöbəsinə aparılıb. Ümümilikdə Elman və Əlizamin Cəlalov qardaşlarından 35 kiloqram qurudulmuş marixuana və 528 kiloqram yaş halda çətənə kolu aşkar edilib. Hər iki faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, saxlanılan hər iki qardaş əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün məhkum ediliblər.