İki “R” arasında qalan İran: Ruhani, yoxsa Rəisi?

Bu gün İranda prezident seçkiləri keçirilir.

Yeniçağ.Az xəbər verir ki, İrandakı iki əsas siyasi qütbü – islahatçılarla mühafizəkarların təsir müharibəsi kimi xarakterizə olunan prezident seçkilərinin əvvəlkilərdən daha gərgin keçəcəyi gözlənilir.

İranda ötən aydan başlayan seçki kampaniyasında onlarla iddialı öz namizədliyini irəli sürsə də ölkənin Konstitusiyanı Mühafizə Şurası yekunda onların cəmi altısının adının seçki bülleteninə salınmasına razılıq verib.

Lakin bir neçə gün əvvəl İranın vitse-prezidenti İhsaq Cahangiri indiki prezident Həsən Ruhaninin, Tehranın meri Məhəmməd Baqir Qalibaf isə İbrahim Rəisinin xeyrinə öz namizədliklərini geri götürüblər. Daha sonra ölkənin Milli Olimpiya Komitəsinin prezidenti Mustafa Təba da “marafon”dan çıxdığını bəyan edib. Bu geriçəkilmələrdən sonra İran vətəndaşları növbəti prezidenti bu 3 namizədin – Həsən Ruhani, İbrahim Rəisi və Seyid Mustafa Mirsəlim arasından seçəcəklər.

Bunula belə, əvvəldən də gözlənildiyi kimi seçkilərdə mübarizə islahatçıların namizədi Həsən Ruhani ilə mühafizəkarların böyük ümidlə irəli verdikləri İbrahim Rəisi arasında gedəcək.

Adları çəkilən namizədlərin öz seçki kampaniyalarında sərgilədikləri mövqe islahatçılarla mühafizəkarlar arasında gedən açıq-gizli rəqabətdə gərginliyin pik həddə çatdığını təsdiqləyir.

Birinci prezidentlik müddətində Qərblə münasibətləri normallaşdırmaq yolunu tutan, ABŞ-la nüvə anlaşmasına nail olan Ruhani bu kursu davam etdirəcəyini bildirib.
Onun opponenti, ölkənin ali dini rəhbəri Əli Xamneyiyə yaxın fiqur olaraq bilinən Rəisi isə Qərblə yaxınlaşmaq siyasətinə qarşı çıxaraq, nüvə anlaşmasının İrana heç nə vermədiyi fikrini təlqin etməkdədir.

Seçkilər ərəfəsində namizədlərə münasibətini açıq büruzə verməyən Xamneyi xalqı seçkilərdə fəal olmağa çağırıb.

Qeyd edək ki, bugünkü səsvermədə namizədlərdən hansısa 50 faizdən çox səs toplaya bilməsə, gələn həftə seçkilərin II turu keçiriləcək.

Yeniçağ.Az

COP29