İki səfirin “TƏBRİZ DAVASI”: “Seyid Abbas Musəvinin qeyri-diplomatik reaksiyası olmasaydı…”

“Bir səfirin başqa bir ölkənin səfirini ölümlə hədələməsi qəbuledilən davranış deyil”.

Bu sözləri İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin İsrail səfiri Corc Dikin paylaşımına verdiyi reaksiyaya münasibət bildirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.O bildirib ki, İran səfirinin reaksiyası heç bir halda qəbuledilən deyil və yolverilməzdir:

“Təbrizin Azərbaycanın qədim paytaxtlarından biri olması, əhalisinin mütləq əksəriyyətini Azərbaycan türklərinin təşkil etməsi və bu gün də İran Azərbaycanının tarixi mərkəzi hesab edilməsi bir faktdır. Bu fakt İranda da rəsmi şəkildə tanınır. Əgər belə olmasaydı, İranın mövcud 10 ostandarlığından ikisi Şərqi Azərbaycan və Qərbi Azərbaycan ostandarlıqları adlandırılmazdı.

Odur ki, hər hansı bir ölkə səfirinin Təbrizdəki Azərbaycan tarixi və mədəniyyəti haqqında kitab oxuması tamamilə başadüşüləndir və İranın Təbriz və Azərbaycan adlarının yanaşı çəkilməsindən narahat olmağa da ehtiyac yoxdur.

Böyük ehtimalla, İran səfirinin təcili şəkildə Tehrana çağırılması da səfirlər arasında məlum söz atışması ilə bağlıdır. Rəsmi məlumatlarda səfirə Azərbaycanla münasibətləri bundan sonra da möhkəmləndirmək və inkişaf etdirmək tapşırığı verildiyi bildirilir. Buradan da sual ortaya çıxır: Sən Təbrizin Azərbaycan mədəniyyətinin mərkəzlərindən biri olması faktına etinasızlıq göstərərək rəsmi Bakı ilə münasibətləri necə möhkəmləndirmək istəyirsən?

O başqa məsələdir ki, israilli diplomatın məhz həmin kitabı təbliğ etməsi müəyyən mesaj xarakterli olub və İranı qıcıqlandırıb. Amma buna cavab da diplomatik şəkildə olmalı idi. Məsələn Seyid Abbas Musəvinin reaksiyası “Təbriz orada yaşayan milyonlarla Azərbaycan türkünün vətənidir və Təbrizin Azərbaycan tarixi və mədəniyyətində xüsusi rolu olub” şəklində olsaydı, bu, İran-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə daha çox töhfə verərdi, nəinki bu şəkildə qalmaqallı münasibət bildirmək.

Amma onun cavabı elə oldu ki, İsrail səfirinin yayınladığı kitab brendə çevrildi, Azərbaycandan tutmuş, dünyanın müxtəlif ölkələrində “Təbrizin sehrli nağılları” kitabının paylaşımları artdı. Başqa sözlə desək, Seyid Abbas Musəvinin qeyri-diplomatik reaksiyası olmasaydı, İsrail səfirinin paylaşımı da bu qədər böyük rezonans doğurmayacaqdı.

Mən istənilən halda hər hansı bir ölkənin Azərbaycan üzərindən bir-biri ilə diplomatik də olsa, savaşa girməsinin əleyhinəyəm və hesab edirəm ki, Xarici İşlər Nazirliyi də bu cür məsələlərdə həssaslıq nümayiş etdirməli və belə halların təkrarlanmaması üçün səfirliklərlə profilaktik söhbətlər aparmalıdır”.

Səxavət Məmməd

COP29