İki sərbəst güləşçimiz AÇ-nin finalına vəsiqə qazandı

Azərbaycanın daha iki güləşçisi Serbiyanın Novi Sad şəhərində keçirilən 17 yaşlıların Avropa çempionatında finala yüksəlib.

Azərbaycan Güləş FederasiyasındanYenicag.az- a verilən məlumata görə, altıncı yarış günündə 45, 51, 60, 71 və 92 kiloqramda yer alan sərbəst güləşçilər xalçaya çıxıblar.

Mübarizəyə 1/4 finaldan qoşulan Fəqan Fətiyev (45 kiloqram) türkiyəli Buğra Kavaka 1:5 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Fəqan sabah təsəlliverici görüşdə bolqarıstanlı Kamen İvanovla qarşılaşacaq.

Muhamməd İsmayılov (51 kiloqram) ukraynalı Roman Şevçenkoya (11:0), belaruslu Qleb Piatrova (6:2) və gürcüstanlı Mate Tsinadzeyə (3:0) qalib gələrək finala yüksəlib. Muhamməd qızıl medal uğrunda rusiyalı Ralan Şoqenovla mübarizə aparacaq.

Hüseyn İsmayılov (60 kiloqram) britaniyalı Danuş Jovkar (3:2), fransalı Alixan Kaxriyev (5:0) və türkiyəli Bilal İnce (3:0) üzərində qələbə qazanaraq adını finala yazdırıb. Hüseyn həlledici görüşdə rusiyalı İbrahimqadji Maqomedovla güləşəcək.

Qəzənfər Kazımlı (71 kiloqram) ermənistanlı Narek Hovannisyanla (14:1) italiyalı Qabriele Pavona (13:2) tam üstünlüklə qalib gəlsə də, 1/4 finalda moldovalı Katalin Spinuya 0:11 hesabı ilə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Qəzənfər sabah təsəlliverici görüşdə Deklan Blih (İrlandiya) – David Kodakov (İspaniya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Fərhad Süleymanlı (92 kiloqram) polşalı David Rutkovskiyə (10:0) tam üstünlüklə qalib gəlsə də, 1/4 finalda yunanıstanlı Nikolaos Karavanosa 4:6 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Fərhad sabah təsəlliverici görüşdə macarıstanlı Yussef Solimanla qarşılaşacaq.

COP29