İki sərbəst güləşçimiz finala vəsiqə qazandı

Azərbaycanın iki sərbəst güləşçisi Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlılar arasında Avropa çempionatında finala yüksəlib.

Azərbaycan Güləş Federasiyasından Yenicag.az-a verilən məlumata görə, Vasif Bağırov (57 kiloqram) fransalı Rasul Qalburayevə (11:0) və macarıstanlı Karoli Barata (tuş) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Yeniyetmələr arasında Avropa və dünya çempionumuz belaruslu Herbert Akapyana da heç bir şans tanımayıb – 10:3. Vasif finalda rusiyalı Lev Pavlovla güləşəcək.

Musa Verdiyev (65 kiloqram) polşalı Dominik Yaquşa 5:2 hesabı ilə qalib gəlsə də, 1/4 finalda fransalı Xızır Dasıyevə 3:7 hesabı ilə məğlub olub.

Ramik Heybətov (70 kiloqram) polşalı Zəlimxan Mutsukayevlə (3:2) yunanıstanlı Georgios Yakemidisi (3:1) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda almaniyalı Rostislav Lextə uduzub – 2:3.

Nurudin Maqomedqadjiyev (79 kiloqram) 1/8 finalda türkiyəli Cengizhan Doğana 1:4 hesabı ilə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Nurudin sabah təsəlliverici görüşdə litvalı Paulius Leskauskasla qarşılaşacaq.

Xetaq Karsanov (97 kiloqram) slovakiyalı Adam Jaksik (3:0) və moldovalı Konstantin Buzanı (10:0) yolundan kənarlaşdıraraq yarımfinala yüksəlib. Xetaq yarımfinalda gürcüstanlı Ramini Qulitaşvilini də vaxtından əvvəl məyus edib – 11:0. Karsanov sabah finalda rusiyalı Şaxman Nuxayevlə güləşəcək.