İki “yol”un arasında qalan Ermənistandan MƏNTİQLİ ADDIM: “İran kommunikasiya xəttlərinin açılmasına mane ola bilməyəcək” – ŞƏRH

“İranın addımları Ermənistanın geosiyasi və geoiqtisadi maraqlarına uyğun deyil”.

Bu sözləri Azərbaycan və Ermənistan arasında hava məkanından istifadənin açılmasının mümkün təsirlərini dəyərləndirən politoloq Natiq Miri Yenicag.az-a açıqlamasında deyib.

Politoloq hesab edir ki, hava məkanının açılması 10 Noyabr və 11 Yanvar bəyanatlarından irəli gələn öhdəliklərin ilk icraatı kimi dəyərləndirilə bilər:

“Hava məkanı bir kommunikasiyadır və bu, quruda olan digər kommunikasiya xətlərinin də açılacağına işarədir. Bu yenilik Azərbaycan və Türkiyəyə verilən mesajdır. Ermənistan göstərmək istəyir ki, hər iki ölkə ilə bütün kommunikasiya xətlərinin açılmasında maraqlıdır. Bu, beynəlxalq hüquqa uyğun davranışdır. Sözügedən məsələyə İranın müdaxiləsi mümkün deyil. Ona görə ki, ortada Ermənistanın bilavasitə verdiyi siyasi qərar var. Digər amil Rusiya ilə bağlıdır. Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində yeganə vasitəçi ölkə Rusiyadır.

Ümumilikdə, ölkəmizin İranla bağlı heç bir problemi yoxdur. İran Zəngəzur dəhlizi kimi kommunikasiyaların açılmasına mane törətməyə çalışmaqla özünə problemlər yaradır. Bu addım İranın Azərbaycan və Türkiyə ilə münasibətlərinin korlanmasına yol açır. Bütün hallarda İran kommunikasiya xətlərinin açılmasına mane ola bilməyəcək. İranın addımları Ermənistanın geosiyasi və geoiqtisadi maraqlarına uyğun deyil.

Qeyd edim ki, kommunikasiya xətlərinin açılmasında Avropa Birliyi də maraqlıdır. Əgər Ermənistan blokadadan çıxmasa və tranzit yol imkanlarından istifadə etməsə, Avropa Birliyi bu dövlətə heç bir yardım etməyəcək”.

Gülşən Şərif