İkigünlük seminar mediaturla başa çatdı – Fotolar

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Şuşa şəhərində “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda keçirilən ikigünlük seminar başa çatıb. 

Yenicag.az xəbər verir ki, yekun olaraq seminar çərçivəsində işğaldan azad olunmuş ərazilərə mediaturlar təşkil edilib.

Belə ki, mediaturun ilk hissəsi sentyabrın 23-də Şuşadakı tarixi, dini abidələr ziyarətlə keçirilib. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşlarının bələdçiliyi ilə güllələnmiş heykəllərə baxışla başlayan mediatur Xurşidbanu Natəvanın evinə ziyarətlə davam etdi. Onu da qeyd edək ki, Şuşanın ilk zamanlarında inşa edilmiş mülklərindən biri olan Xan qızı Natəvanın sarayı XVIII əsrə aid tarix-memarlıq abidəsidir. İşğaldan sonra bu böyük saray kompleksi dağıntılara məruz qalıb, əmlakı talan edilib. Sarayın yaxınlığında Xanqızı bulağı da var.

Xan qızı Natəvanın sarayı kimi şəhər ərazisində olan abidələrin bir çoxu dağıdılsa da, artıq təmir-bərpa işləri tamamlananlar da var. Belə ki, yenicə bərpası tamamlana və açılışı olan Üzeyir Hacıbəylinin ev-muzeyi də belə abidələrdən biridir. Evin qarşı tərəfində isə böyük tut bağı var. Tut bağını gəzərək Şuşa qala divarı-Gəncə qapılarına çıxmaq mümkündür. Bura olan ziyarətimiz Cıdır düzü, daha sonra isə M.P.Vaqifin muzey məqbərəsi ilə tamamlanır.

Seminarın ikinci günü isə Xankəndi və Ağdam şəhərlərinə ziyarətimiz oldu.

Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin şəraiti və burada təhsil alan tələbələrlə yaxından tanış olmaq imkanımız yarandı. Universitetin müasir laboratoriyası, süni intellekt və robotexnika kabinetləri, eyni zamanda, geniş kitabxanası və oxu zalı var. Burada təhsil alan gənc tələbələr üçün hər cür şərait yüksək səviyyədə yaradılıb.

Universitetdən sonra Ağdama doğru yol alırıq. Ağdam Cümə məscidini ziyarət etdikdən sonra “İmarət” Kompleksinə mediaturumuz oldu.

Bura erməni vandalizmi nəticəsində dağıdılıb talan edilən Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. Kompleksdə Pənahəli xanın, daha sonra xanlıqda müxtəlif illərdə hakimiyyətdə olan İbrahimxəlil xanın, onun oğlu, Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qəbirüstü türbələri, Xurşidbanu Natəvanın məzarları yerləşib. Bundan başqa, burada Qarabağ xanlarının nəslindən olan görkəmli şəxslər dəfn ediliblər. Ağdam şəhəri işğal edildikdən sonra bura dağıdılıb. Son iki ildə isə “İmarət” Kompleksində restavrasiya işləri aparılıb.

Onu da əlavə edək ki, “İmarət” Kompleksinə gələn qonaqlar burada təkcə tarixi abidə ilə tanış olmur, eyni zamanda kompleksin tərkibində yaradılan park və kafenin xidmətlərindən də istifadə edə bilirlər. Park ərazisində olan gül kollarının çiçəklənməsi burada sanki bahar ab-havası yaradıb.

Qeyd edək ki, seminar Azərbaycanda dövlət-din münasibətləri modeli barədə ictimaiyyətin daha geniş məlumatlandırılmasını təmin etmək, media qurumlarının xəbər siyasətində dini məsələlərlə bağlı həssas məqamlar haqqında jurnalistlərin biliklərinin artırılmasına nail olmaq məqsədi daşıyırdı. Tədbirdə dövlət orqanlarının rəhbər şəxsləri, media mənsubları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər./qafqazinfo

COP29