“İkinci əl” mallarda aldanma RİSKİ: “İstehlakçılar bunlara diqqət etməlidir” – Vacib TÖVSİYƏLƏR

“Çox təəssüf ki, “ikinci əl” mal alan insanlar şüurlü olaraq aldadılacağını fikirləşir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında “ikinci əl” mal alarkən diqqət olunması lazım olan məqamlar barədə danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, “ikinci əl” mallar bütün dünyada istehlakçı hüquqlarını pozan ən böyük problemlərdən biridir.

“Dünyanın istehlakçı təşkilatları dörd ildən bir baş tutan toplantılarda bu məsələni müzakirə edirlər. Burada birinci yerdə duran “ikinci əl” avtomobillərdir. Azərbaycanda bu, daha əcaib vəziyyətdə – avtomobillərin yürüşünün geri çəkilməsidir. Bu, çox ciddi problemlərdən biridir. İnsanlar o “ikinci əl” avtomobillərə üstünlük versinlər ki, onların servis kitabçaları mövcud olur. Servis kitabçalarında avtomobilin hansı vaxtda servisdə olduğu yazılır. Servis kitabçası götürülmüş avtomobillər şübhəlidir. Əgər insanlar “ikinci əl” avtomobillər alırsa, ciddi servis mərkəzinə gedərək və kiçik ödəniş etməklə avtomobilin bütün sənədlərini çıxarsınlar. Əgər əllərində rəsmi sənəd və yürüşün geri çəkildiyi sübut olunarsa, onu geri qaytarmaq mümkün olar”, – deyə o əlavə edib.

E.Hüseynov qeyd edib ki, bu problemə təkcə avtomobillərdə deyil, digər mallarda- evlər, geyimlərdə də rast gəlinir.

“Çox təəssüf ki, “ikinci əl” mal alan insanlar şüurlü olaraq aldadılacağını fikirləşir. Qeyd edim ki, “ikinci əl” malları geri qaytarmaq, yaxud dəyişmək barədə qanunvericilikdə heç bir müddəa yoxdur. Belə hallar olarsa da yalnız o tərəflər arasında olan razılaşma yolu əsasında dəyişdirilə, ya da qaytarıla bilər”, – deyə o, fikirlərini tamamlayıb.

İsmayıl Bakuvi

COP29