İkinci ixtisas qrupu ilə bağlı TƏKLİF: “Qəbul planı azaldılsın”

“2019/2020 tədris ili üzrə ali məktəblərə qəbul zamanı II ixtisas qrupu üzrə 14 min 126 nəfər abituriyent ərizə verdiyi halda, III ixtisas qrupu üzrə 21 min 464 nəfər abituriyent ərizə vermişdi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ali məktəblərə qəbul üzrə ixtisas qrupları üzrə mövcud kvotanı dəyərləndirən təhsil eksperti Elçin Əfəndi bildirib.

Hal-hazırda II ixtisas qrupuna marağın kəskin şəkildə azalmasına münasibət bildirən ekspertin fikirncə, bunun başlıca səbəbi II ixtisas qrupuna əlavə edilmiş ümumi tarix fənni ilə bağlıdır:

“II ixtisas qrupu üzrə hazırlaşan bir çox abituriyentlər məhz bu səbəbdən III ixtisas qrupuna keçid edir və nəticədə II ixtisas qrupu üzrə ayrılmış plan vəbu qrupu seçən abituriyentlərin sayında kəskin şəkildə fərq yaranır.

Təkcə 2019/2020 tədris ili üzrə ali məktəblərə qəbul zamanı II ixtisas qrupu üzrə 14 min 126 abituriyent ərizə verdiyi halda, III ixtisas qrupu üzrə 21 min 464 nəfər abituriyent ərizə vermişdi.

Amma II ixtisas qrupu üzrə 14 min 181 plan yeri ayrıldığı halda, müsabiqədə 10 min 166 nəfər abituriyent iştirak etdi. Düzdür, bu zaman müsabiqəyə subbakalavrlar da qoşulduğu üçün nəticədə bir o qədər dəyişiklik olmadı. Yenə də kifayət qədər yer boş qaldı”.

Ekspertə görə, II ixtisas qrupunda yer alan regionşünaslıq, beynəlxalq münasibətlər, eləcə də dövlət və bələdiyyə idarəetməsi ixtisasları III ixtisas qrupunun tərkibinə verilsə, daha yaxşı olar:

“III ixtisas qrupu üzrə 11 min 271 plan yeri ayrıldığı halda, müsabiqəyə 17 min 465 abituriyent qoşulmuşdu. Burada da subbakalavrlar iştirak edirdi, lakin onların sırasında ali məktəbə qəbul olanların sayı az idi.

Demək olar ki, təxminən 10 minə yaxın abituriyent və subbakalavr məhz III ixtisas qrupu üzrə ali məktəbə daxil ola bilmədi. Bütün bunları nəzərə aldıqda, II ixtisas qrupu barədə yuxarıda dediyim fikirlər üzrə ciddi işlərin görülməsi zərurəti yaranır”.

Gülşən Şərif

COP29