İkinci Koreya müharibəsi başlayır? – Nüvə təhdidi böyüyür

“ABŞ-dəki prezident seçkiləri ərəfəsində və Ukrayna müharibəsinin davam etməsi fonunda Koreya yarımadasında yeni bir böhranın yaranması tamamilə mümkündür. Çünki Şimali Koreya ilə Cənubi Koreya arasında əvvəllər də müharibə olub”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xaldibəyli deyib.

O, Koreya yarımadasında yenidən alovlanan müharibə ehtimalının səbəblərini izah edib.

Mütəxəssis xatırladıb ki, bütün bunlara baxmayaraq, koreyalılar eyni kökə malik millətdirlər:

“Sadəcə, onlar 50-ci ildə parçalanaraq, bir hissəsi kommunist düşərgəsinə daxil olub, digər bir hissəsi isə Qərbə yönəlib. Lakin hər iki Koreya xalqları arasında vaxtaşırı yaxınlaşma cəhdləri də baş verib. Yəni xalqlar bir-birinə yaxınlaşmağa meyllidirlər. Amma eyni zamanda, Şimali Koreya aqressiv və təhdidkar bir ölkə kimi qalmaqdadır. KXDR Cənubi Koreyaya qarşı savaş ehtimalını ön planda tutur”.

Siyasi ekspertin dediyinə görə, Pxenyanın bu məsələdəki əsas arqumenti ondan ibarətdir ki, Cənubi Koreya ABŞ-nin müttəfiqidir və ABŞ KXDR-in düşməni olduğuna görə Cənubi Koreya da düşmən hesab olunur:

“İki dövlət arasındakı ziddiyyətlər onilliklər boyu davam edir. Onsuz da əvvəl-axır bu iki ölkə arasında müharibənin baş verməsi və tərəflərdən birinin qalib gəlməsi nəticəsində birləşmənin baş verməsi ehtimalı böyükdür. Yəqin ki, Şimali Koreya ABŞ-dəki seçkilərin keçirilməsi, eyni zamanda Qərbin Ukrayna savaşında güc itirməsi, habelə Yaxın Şərqdə baş verənləri nəzərə alaraq, Vaşinqtonun indiki situasiyada Cənubi Koreyanı dəstəkləməsi üçün resurslarının az olmasına görə Seulla haqq-hesab çəkmək istəyər.

KXDR narahat edən məsələlərdən digəri isə ondan ibarətdir ki, Cənubi Koreya və Yaponiyada ABŞ-nin hərbi bazaları və raket sistemləri mövcuddur. Ona görə də Pxenyan vaxtaşırı həm Cənubi Koreya, həm də ABŞ-ni nüvə zərbəsi ilə hədələyir. Fikrimcə, bu iki dövlət arasında hansısa mərhələdə müharibə başlaya bilər”.

Rafi Müslümov

COP29