“İkitərəfli sazişdən sonra Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq daha da dərinləşəcək” – Millət vəkili

“Regionda dayanıqlı sülhün təmin edilməsi Azərbaycanın da, Avropanın da maraqlarına uyğundur”.

Bu fikirləri Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında üzərində işlərin davam etdirildiyi ikitərəfli sazişin mümkün imzalanma tarixindən danışan Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, tərəflər arasında siyasi məsələlərdə hər hansı ciddi problem yoxdur və bu sahədə də əməkdaşlıq edilir:

“Fikrimcə, Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli saziş tezliklə imzalanmağa hazır olacaq. Xatırlatmaq istərdim ki, Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq qurulub və bu istiqamətdə əməkdaşlıq genişlənməkdədir. Eyni zamanda, bu yaxınlarda Buxaretsdə tərəflər arasında yeni “yaşıl enerji” ilə bağlı saziş də imzalanıb.

Azərbaycan bir neçə istiqamət üzrə Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirmək istərdi. Məsələn, qeyd etdiyim “yaşıl enerji” üzrə təcrübənin tətbiqi, o cümlədən təhsil, mədəniyyət və nəqliyyat sahələrində əməkdaşlıq Azərbaycanın maraqlarına uyğundur. O baxımdan, düşünürəm ki, həm iqtisadi, həm mədəni, həm də humanitar sahələrdə mövcud olan əməkdaşlıq ikitərəfli sazişin imzalanmasından sonra daha da genişlənəcək.

Mənə belə gəlir ki, tərəflər arasında siyasi məsələlərdə də hər hansı ciddi problem yoxdur və bu sahədə də əməkdaşlıq edilir. Ən əsası, regionda dayanıqlı sülhün təmin edilməsi Azərbaycanın da, Avropanın da maraqlarına uyğundur. Azırbaycan da, Avropa İttifaqı da hazırda Ukraynada baş verənlərdən çox narahatdır. Bildiyiniz kimi, Azərbaycan Ukraynaya çoxşaxəli humanitar yardım göstərir”.

A.Zeynalov