İlahə Səfərzadənin “Gerçəyin izində” romanı: Xanım yazıçının qadın dünyasına baxışı və sosial reallıq – Aqil Bəkir yazır

Xanım yazıçı və ədəbi tənqid

Azərbaycan ədəbi tənqidinin görməli olduğu işlərdən biri də qadın yazıçıların yaradıcılıqlarını geniş təhlilə cəlb etməkdir. Bu təhlillərdə bir dissertasiya və ya bir neçə məqalə ilə kifayətlənməməli, çağdaş yazıçıların əsərləri və mətnin işlənmə tərzi haqqında yetkin mülahizələr irəli sürülməlidir. Əsas diqqət yetirilməli məqam isə azərbaycanlı xanım yazıçıların əsərlərində təsvir edilən qadın obrazları, onların psixologiyaları və toplumda tutduqları yer baxımından müəllif yanaşmasının müəyyənləşdirilməsidir. Sonrakı mərhələdə isə kişi və xanım yazıçıların əsərlərindəki qadın obrazlarının qarşılaşdırılması həyata keçirilməlidir. Beləliklə, ədəbi tənqidin feminist qolunun inkişafı tətiklənmiş olar.

Bunları qeyd edirəm, çünki İlahə Səfərzadənin “Gerçəyin izində” romanı vurğuladığım prizmadan incələnməyə dəyər əsərdir. Təbii ki, bu yazıda həmin məsələyə də toxunacam, lakin “toxunmaq”la o yanaşmanın geniş formada ələ alınması arasında dağ-dərə fərqi var.

Ümumi baxış

“Psixoloji roman” kimi nəşr edilən “Gerçəyin izində” müəllifin sayca üçüncü romanıdır. Digər romanlarını da oxuduğumdan İlahə Səfərzadənin yaradıcılıq baxımından xeyli yol qət etdiyini söyləyə bilərəm. Yazıçının hadisə yaratma və müstəqil süjetləri birləşdirmə bacarığı son romanda daha aydın üzə çıxır və biz bunu qarışıq (bu qarışıqlıqda həm də bir bəsitlik var) süjetdə açıq şəkildə görürük.

Detektiv əsərlərə xas keyfiyyətlər daşıyan “Gerçəyin izində” kitabının mərkəzində bir ailənin parçalanması dayanır. “Yalanların gec-tez üzə çıxma kimi bir xasiyyəti var” cümləsinin insanlar üzərindəki təsirinin ələ alındığı əsərdə qarışıq münasibətlər sisteminin əlaqələndirmə şəkli özünəməxsusdur. Oxucu hadisələri Səma obrazının gözü ilə görür, onun dəyərləndirmələri, şübhələri vasitəsilə müəyyən qənaətə varmağa cəhd edir. Səma obrazının düşüncələri təhkiyəçi vasitəsilə dilə gətirilir, lakin bir çox yerdə müəlliflə obrazın düşüncələrinin kəsişdiyini, hətta bir-birini əvəzlədiyini də görürük. Bu da əsəri dinamiklik baxımından oxunaqlı edir.

Əvvəlki abzasda yazdığım kimi, roman “psixoloji” şriftlidir və obrazların dünyasını açma, münasibətlərdə üzə çıxan davranışları aydınlaşdırma, şərh etmə bacarığına görə müəllifi yaxşı müşahidəçi adlandırmaq olar. Həmçinin baş vermiş hadisəyə xarakterin reaksiyası, bu reaksiyalarda gizlənən xırda detallar davamlı hal alır, sonda bir bütünü əmələ gətirərək oxucunu diqqətilə sınayır.

Müəllifin özünə istinadı

İlahə Səfərzadənin hekayə yaradıcılığı ilə tanış olanlar “Gerçəyin izində” romanında bu hekayələrdən izləri aydın şəkildə görə bilərlər.

Proloqda təsvir edilən qaçış motivinin bənzəri yazıçının “Azyaşlı ana” hekayəsində də var.

“Gerçəyin izində” romanında keçən “Dodağını dişləyib tərəddüd içində gah bayaq gəldiyi istiqamətə, gah da şoseyə çıxmaq üçün qarşıda onu gözləyən qısa məsafəyə tərəf baxdı. Deyəsən, dodağını bərk dişləmişdi. Ağzında qan tamı hiss elədi” hissə ilə “Azyaşlı ana” hekayəsindəki “Ayağının altındakı quru budaq qırıntıları qaranlıq və yarpaqsız ağaclarla müdhiş görüntü yaradan bağın vahimələndirici səssizliyini pozaraq sındılar. Həmin an yaxalanacağı qorxusu ilə dodağını dişlədi və isti qanın ürküdücü dadını bütünlüyü ilə hiss etdi” hissəsi böyük bənzərlik təşkil edir (başqa motivlər üçün hekayəni oxumanız daha məqsədəuyğun olar).

Romanda keçən Elnaz adı ilə bağlı İlahə Səfərzadənin ayrıca eyniadlı hekayəsi də var. “Səma eşitmişdi ki, qrup yoldaşının anası oğlu Vətən müharibəsində şəhid olduqdan sonra onun artıq həyatda olmadığını qəbullana bilmirmiş. O, balasının ölüm xəbərindən sonra yaşadığı şokun təsiri ilə həqiqəti beynində bir uydurma olaraq qəbul edib inanmaq istədiyini gerçək kimi düşünürmüş” – romandakı bu hissə qeyd etdiyim “Elnaz” hekayəsi ilə uyuşur.

“Özünə istinad” adlandırdığım bu metoda fərqli yanaşmalar ola bilər, lakin, fikrimcə, bu, oxucunun müəllifin digər yaradıcılıq nümunələrini oxumasına stimul verə bilər. Bu mənada, İlahə Səfərzadənin detallarla işləmə şəklini yüksək qiymətləndirmək lazımdır.

Sosial mesajlar

“Gerçəyin izində” romanında müəllifin baş verən sosial-siyasi hadisələrə münasibətini də görürük. Ədəbiyyat adamlarını çox vaxt qeyd etdiyim prosesdən kənarda qaldıqları üçün tənqid etdiklərində yazıçının belə bir vəzifəsinin olmadığını müdafiə etmişəm. İndi də o fikirdəyəm. Düzdür, yazıçı müxalif olmalıdır, ancaq hər şeyə. Fəqət bu müxalifliyini ictimailəşdirmək üçün siyasətçi kimi çıxış etməsinə heç bir lüzum yoxdur. Çünki yazıçılıq siyasətdən yüksəkdədir və ictimai fikrə təsir imkanları fərqli cəhətdən dəyərləndirilməlidir. Yazıçı fikirlərini əsərləri vasitəsilə oxucuya çatdırmalıdır, həm də bunu elə etməlidir ki, hansısa siyasi fikri mənimsədiyini biruzə verməsin.

Müqayisələrlə daha da dəqiqləşdirim. Məsələn, bu gün çox geniş yayılmış şeylərdən biri də müxtəlif dini, sosial və siyasi fikri mənimsəmiş sadə insanlarla həmin düşüncə biçimlərini biznesə çevirmiş mütəxəssislərin (və ya mənəviyyat əmiciləri) çox möhkəm və yalnız bir perspektivdən dəyərləndirilə biləcək ağıl birliyi içərisində olduğunu müşahidə edir, beləliklə, ikinci sıradakılar çox geniş kütlələri ətraflarına toplayaraq vurğuladığım dünyagörüşünə sahib insanlar üzərindən pul qazanırlar. Lakin bu “düşüncə birliyi” təktərəflidir və məncə, sui-istifadə hallarına açıqdır. Yazıçı isə bütün kəsimlərə xitab etməlidir. Onun bu xitabında ayrı-seçkilik olmamalı, obyektiv müşahidənin dolğun ifadəsinə diqqət yetirilməlidir.

Qeyd etdiyim xüsusda İlahə Səfərzadə vurğuladığım mövqedən çıxış edib. Əsərdə obrazın ölkədə baş verən hadisələrlə bağlı xəbərləri oxuduğu səhnədə ümumi mənzərənin nədən ibarət olduğunu anlayırıq: “Başı qarışsın deyə xəbər başlıqlarını oxudu. Məşhurların həyatından mənasız foto və xəbərlər, ölkədə hər şeyin bahalaşmasına etiraz edən insanlar, maaşı hədsiz qalxan vəzifə sahibləri, bunu məsxərəyə qoyan digər insanlar və bu mövzuda başqa başlıqlı xəbərləri keçdi. Başını qarışdıracaq ürəkaçan xəbər tapa bilmədi, telefonu söndürüb kənara atdı” və ya “İşsizliyin hədsiz artması, qiymətlərin bahalaşması, gəlirin az, xərclərin çox olması insanların böyük bir qismini getdikcə daha səfil hala salırdı” kimi cümlələrdə əhalinin sosial vəziyyətinin necəliyini başa düşürük.

Həmçinin müəllimlik sənətilə bağlı obrazın dilindən səsləndirilən fikirlər də üzərində düşünülməli aktual reallığı əks etdirir.

Bu artıq müəllif mövqeydir və əvvəldə bildirdiyim kimi, yazıçı mövqeyi bu cür ifadə edilməlidir.

Xanım yazıçının əsərində qadın obrazının yaradılması

İki il əvvəl Nadir Yalçının “Yad” hekayəsini feminist cəhətdən tənqid etməyə çalışmışdım. Orada kişi yazıçının qadın obrazını necə işlədiyi, qadının yoxluğunun ailə daxilində hansı hadisələri tətikləyəcəyi və situativ dəyərləndirmənin necə olacağı, ümumilikdə isə cəmiyyətin qadına yanaşma tərzinin ortaya çıxması haqqındakı şüuraltı düşüncəsinin əsərə yansıması üzərində durmuşdum. İlahə Səfərzadənin “Gerçəyin izində” romanında isə xanım yazıçının gözü ilə qadınların dünyası və onların toplumda tutduğu mövqenin təsvirinə baxmaq yerinə düşər.

İlk olaraq qeyd etməliyəm ki, yazıçının digər romanları və hekayələrində də əsas obrazlar qadınlardır və İlahə Səfərzadə oxucuya dünyaya qadınların gözlərilə baxma fürsəti verir. Qadının cəmiyyətdəki yerinin sorğulanması, toplumsal hüquq bərabərsizliyi kimi məsələlər “Gerçəyin izində” romanında ön plandadır.

Əsər boyu müəllifin mövcud cəmiyyətdə qadın olma problemi üzərində düşündüyünü görürük. O sual edir: “Əslində, qadınları “pis” dedikləri yola düşməyə vadar edən məhz kişilər deyildimi?”

Qadının üzərinə yüklənmiş sosial məsuliyyətləri də “Gerçəyin izində” romanında görürük. “Nə olursa-olsun, qadın ailəsini dağılmağa qoymamalıdır, öz hüququndan, istəyindən, hətta qürurundan vaz keçsə belə, o ailə dağılmamalıdır” düşüncəsini ictimai basqının nəticəsi, qadınların o düşüncəyə tabe etdirilməsi kimi işləyən müəllif kişi və qadının xəyanəti arasındakı fərqə diqqət çəkərək birinci halda bunun normal qəbul edildiyini və “kişilik”, ikinci halda isə “fahişəlik” hesab olunduğunu vurğulayır. Yazıçı yanaşmasında qadınların bu halı qəbul etdiyi düşüncəsində olduğunu da sezmək mümkündür.

Romanın əsas qəhrəmanının qadın olması ilə bərabər, süjetin təməlində dayanan və hadisələrin baş vermə səbəbi kimi “qadın düşmənliyi” göstərilir. Psixoloji travmanın bu formada üzə çıxmasını müəllifin mübaliğəli simvol daraltması kimi başa düşürəm. Yəni tərəzinin gözlərindəki tarazlıq ən yüksək həddə pozulub və bunun səbəbi də əsərdə qadın hüquqsuzluğunun (əslində, oyuncaq olduqlarının) düşmənliyə vardırılması, beləliklə, simvolun minimuma endirilməsidir.

Qeyd etdiyim məsələlərin sorğulanması, öz-özünə fikir alışverişi əsər boyu davam edir. Onu da bildirməliyəm ki, müəllifin sözügedən əsərində digər romanlardan fərqli olaraq, sosial reallıq daha qabarıqdır.

Müəllif tələskənliyi

İlahə Səfərzadənin müstəqil süjet qurma və onları əlaqələndirmə, həmçinin dinamikliyi qoruma barədə bacarığının yüksək olduğunu əvvəldə də vurğulamışdım. Lakin hər üç romanında müşahidə etdiyim bir şey var: Müəllif əsəri sonlandırmağa tələsir. Yazıçı oxucuların əsərin sonluğunun necə olmasından savayı, o sona gətirib çıxaran hadisələr zənciri ilə də maraqlandığını gözardı edir. Burada nəzərdə tutduğum düyünün açılması ilə finalın eyni olması deyil. Düzdür, eynidir, lakin bu ikisi arasında baş verən hadisələr xülasə şəklində anladılır, təhkiyəçilik ön plana çıxır, bu da həmin hissənin əsərin ümumi ruhu ilə uyuşmadığı təəssüratını oyandırır.

“Gerçəyin izində”

Hadisənin aydınlaşdırılması baxımından gerçəyin izinə düşərək nəticəyə varılan romanda həm də sosial-siyasi reallıqlar üzə çıxarılır, ümumi ictimai rəyin qadınlığa yanaşma tərzi ortaya qoyulur, tənqidi baxış bucağı sərgilənir. Mətnə yerləşdirilmiş bu detalların ümumi oyanışa xidmət etdiyi şübhəsizdir.

COP29