İlham Əliyev 3 sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cəlal Qasımova “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az sərəncamın mətnini təqdim edir:

Azərbaycan Respublikasında Dövlət Təhlükəsizliyi Xidmətinin təhsil sahəsinin inkişafında xidmətlərinə görə Cəlal Əbil oğlu Qasımova “Əməkdar müəllim” fəxri adı verilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Yardımlı rayonunun Yardımlı–Bozayran–Bürzünbül–Vərgədüz–Sırıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir:

1. İyirmi min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Yardımlı–Bozayran–Bürzünbül–Vərgədüz–Sırıq avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,0 (doqquz) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Tahir Salahovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub:

Azərbaycan təsviri sənətinin inkişafında xüsusi xidmətlərinə görə Tahir Teymur oğlu Salahov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.