İlham Əliyev 5 sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az sərəncamın mətnini təqdim edir:

“Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Dünya dövlətləri narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını və narkomanlığın müalicəsi metodlarını təkmilləşdirirlər.

Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndən bəri dövlət quruculuğu, siyasi, iqtisadi, sosial və digər sahələrdə həyata keçirilən islahatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə üzrə beynəlxalq standartlara uyğun institusional və qanunvericilik tədbirləri həyata keçirilmiş, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq münasibətləri qurulmuşdur.

Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Konfransınqərarına əsasən, Azərbaycan 2019-cu ildə bu mötəbər qurumun növbəti konfransına ev sahibliyi edəcəkdir. Belə bir qərarın qəbul olunması ölkəmiz üçün olduqca mühümdür və beynəlxalq təşkilatlarla tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu il 16–18 aprel tarixlərində Bakı şəhərində keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu il 16–18 aprel tarixlərində Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri
Əli Həsənov –  Azərbaycan Respublikası Baş nazirinin müavini
Təşkilat Komitəsi sədrinin müavini
Ramil Usubov –  Azərbaycan Respublikasının daxili işlər naziri
Təşkilat Komitəsinin üzvləri
Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri
Fikrət Məmmədov – Azərbaycan Respublikasının ədliyyə naziri
Ceyhun Bayramov – Azərbaycan Respublikasının təhsil naziri
Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət naziri
Zakir Qaralov – Azərbaycan Respublikasının Baş prokuroru
Səfər Mehdiyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Mədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Nuşirəvan Məhərrəmov – Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri
Azay Quliyev – Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Fidumə Hüseynova – Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini
Rauf Zeyni – Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti.

2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Təşkilat Komitəsi 2019-cu il 16–18 aprel tarixlərində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakı şəhərində keçirilməsinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Qusar rayonunun Qusar–Əniq–Laza avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamın mətnini təqdim edirik:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İyirmi səkkiz min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Qusar–Əniq–Laza avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,6 milyon (altı milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

***

 

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şükür Astanova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycan avtomobil yollarının 100 illiyi münasibətilə və Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə Şükür İsmayıl oğlu Astanova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əvəz İlyas oğlu Qocayevə “Əməkdar mühəndis” fəxri adı verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan avtomobil yollarının 100 illiyi münasibətilə və Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə Əvəz İlyas oğlu Qocayevə “Əməkdar mühəndis” fəxri adı verilsin”.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub:

“2019-cu ildə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur.

İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.

Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir.

Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur.

Həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir.

Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazı yaradılmış, Bakının mərkəzində şairin əzəmətli heykəli ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu Nəsiminin adını daşıyır.

2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin qeyd edilməsi və 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının təntənəli şəkildə keçirilməsi ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi hesab oluna bilər.

İmadəddin Nəsiminin adı həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşib, əsrlərdən bəri Şərq xalqlarının yaddaşında yaşamaqdadır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etsin”.

COP29