Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa rayonuna səfərə gəlib.
Yenicag.az xəbər verir ki, Dövlətimizin başçısı Ağstafa şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Azərxalça Açıq Səhmdar Cəmiyyətinin Ağstafa filialının fəaliyyəti ilə tanış olub.
“Azərxalça ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, ümumi sahəsi 1200 kvadratmetrdən çox olan filial binasında 150 toxucunun çalışması nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanadakı 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağstafa, Qazax və Tovuz rayonlarının yaşayış məntəqələrindəki orijinal xalça çeşnilərinin toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Toxucular Ağstafa şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Hazırlıq-tədris kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatını alacaqlar. Xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçiriləcək.
Qeyd edək ki, Azərbaycan xalçaları bütün dövrlərdə dünyanı heyran qoyub, milli naxışlarımızın şöhrəti dünyanı heyran qoyub. Milli xalçalarımızın ta qədimlərdən başlayan şöhrəti bu gün yeni layihələrlə zənginləşir. Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması da məhz bu amildən qaynaqlanırdı. Cəmiyyətin əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadədir. Amma bu layihənin icrasında əsas məqsədlərdən biri də yeni iş yerlərinin yaradılması, ən çox da qadınların işlə təmin olunması idi və artıq bu məqsədə nail olunub. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti fəaliyyətə başlayandan sonra artıq onun bir çox regionlarda filialları yaradılıb. Ağstafa filialı da bu regionda xalçaçılığın inkişafına böyük töhfə verəcək.
***
Ağstafa rayonuna səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 4-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.
Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Dövlətimizin başçısı hərbi hissədə yaradılan şəraitlə tanış olub.
Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov bildirdi ki, bu hərbi hissənin inşasına 2018-ci ilin iyun ayında başlanılıb. Ötən il isə tikinti işləri başa çatdırılıb. Hərbi hissənin ümumi ərazisi 5 hektardır. Burada əsgər yataqxanası, qərargah-kazarma binası, 150 yerlik yeməkxana inşa olunub.
Son illərdə Daxili Qoşunların maddi-texniki bazasının gücləndirilməsi prosesində şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə həyata keçirilən tədbirlər nəticəsində bütün hərbi hissələrdə yüksək şəraitin yaradılması istiqamətində xeyli iş görülüb və bu proses indi də davam edir.
Bu hərbi hissədə yaradılan şərait bir daha göstərir ki, Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən mühüm işlər çərçivəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının maddi-texniki bazası, kadr potensialı da əhəmiyyətli dərəcədə möhkəmlənib.
Prezident İlham Əliyev Daxili Qoşunların hərbi silah-sursat və texnikasına baxdı.
Bu gün əminliklə demək olar ki, Daxili Qoşunlar qarşıya qoyulan vəzifəni yüksək peşəkarlıqla yerinə yetiriblər. Ali Baş Komandanın diqqəti sayəsində Daxili Qoşunların maddi-texniki bazası, kazarma-yaşayış fondunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, hərbi hissələr ən yüksək beynəlxalq standartlara uyğun olan texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edilib. Bu gün Daxili Qoşunlara göstərilən dövlət qayğısı özünü istər peşəkar kadr hazırlığının və döyüş qabiliyyətinin yüksəldilməsində, istər maddi-texniki bazanın möhkəmləndirilməsində, istərsə də yeni hərbi hissələrin açılışında daha qabarıq şəkildə göstərir.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin ictimai-siyasi, iqtisadi həyatında, ordu quruculuğunda böyük uğurlar qazanılıb, daxili işlər orqanlarının maddi-texniki bazası daha da möhkəmlənib, hərbi qulluqçuların sosial-məişət şəraiti yaxşılaşıb. Son illərdə Daxili Qoşunlar üçün də müxtəlif təyinatlı onlarla obyekt, hərbi şəhərcik, o cümlədən hərbi qulluqçular üçün yeni yaşayış kompleksləri, əsgər kazarmaları, müasir avadanlıqlarla təchiz edilmiş tibb məntəqələri tikilərək istifadəyə verilib. Ümumiyyətlə, ölkəmizdə müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olan Daxili Qoşunların şəxsi heyəti ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakı ilə seçilir, yüksək peşəkarlıq, döyüş və mənəvi-psixoloji hazırlığa malik olduğunu nümayiş etdirir. Ölkəmizə qarşı elan olunmamış müharibənin ilk günlərindən Daxili Qoşunlar cəbhə xəttində şərəfli döyüş yolu keçib, bu yolda yüzlərlə şəhid verib. Qüdrətli Azərbaycan Ordusu ilə yanaşı, Daxili Qoşunların şəxsi heyəti də öz üzərinə düşən xidməti vəzifələri ilə bərabər, torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpası üçün Ali Baş Komandanın verəcəyi əmrin icrasına hər an hazırdır və döyüş hazırlığını hər zaman yüksək səviyyədə saxlayır.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib.
Bildirildi ki, uzunluğu 9,3 kilometr olan yol 4-cü, 5-ci texniki dərəcəlidir, hərəkət hissəsinin eni 5-6 metr, hərəkət zolaqlarının sayı isə 2-dir. Dövlətimizin başçısının ötən ilin mayında imzaladığı Sərəncama əsasən yenidən qurulan bu yol 19 min nəfərin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirir. Avtomobil yolunun tikintisi 7 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb edəcək.
Prezident İlham Əliyevə Ağstafa rayonunun Kolayır-Düzqışlaq-Mollacəfərli-Xılxına-Qarahəsənli avtomobil yolunun tikintisi layihəsi barədə də məlumat verildi. Dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən bu yolun uzunluğu 10 kilometrdir. Dövlətimizin başçısının 2018-ci ildə imzaladığı Sərəncama əsasən bu yolun əsaslı təmiri həmin ərazidə yaşayan sakinlərin rayon mərkəzi ilə gediş-gəlişini asanlaşdıracaq, yük və sərnişin daşınmasına töhfə verəcək.
Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər, ilk növbədə, vətəndaşların həyatının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir. Belə layihələrdən biri də Ağstafa-Yenigün-Xətai-Poylu-Xılxına avtomobil yolunun tikintisidir
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.
***
Martın 4-də 110/35/10 kilovoltluq “Ağstafa” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına yarımstansiya haqqında məlumat verib.
Bildirildi ki, Ağstafa və Qazax rayonlarının böyük bir hissəsinin, xüsusən də Qazax rayonunun cəbhəyanı ərazilərinin elektrik təchizatında olan problemlərin aradan qaldırılması və hər iki rayonda elektrik enerjisinə artan tələbatın qarşılanması məqsədilə 1967-ci ildə istismara verilmiş, köhnələrək öz texniki parametrlərini itirmiş 110/35/10 kilovoltluq “Ağstafa” yarımstansiyasında 25 meqavatamper gücündə 2 yeni transformator quraşdırılıb. Nəticədə yarımstansiyanın gücü 10 meqavatamper artırılaraq 50 meqavatamperə çatdırılıb. Yarımstansiyada 110, 35 və 10 kilovoltluq yeni paylayıcı qurğular inşa olunub, müasir standartlara cavab verən elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatika sistemləri, məsafədən dispetçer idarəetmə SCADA sistemi quraşdırılıb. Ağstafa və Qazax rayonlarında yerləşən 110 kilovoltluq 3 yarımstansiya arasında yaradılmış 35 kilovoltluq dairəvi elektrik təchizat sxeminin dayanıqlılığının artırılması 110 kilovoltluq “Ağstafa” yarımstansiyasının yenidən qurulması ilə tamamlanıb. Bu da həmin rayonların elektrik təchizatının fasiləsizliyini və etibarlılığını təmin edəcək.
Diqqətə çatdırıldı ki, Ağstafa rayonu üzrə istehlakçıların hamısı, Qazax rayonu üzrə isə 61,9 faizi, ümumilikdə, hər iki rayon üzrə 34 min 590 abonent bu yarımstansiyadan elektrik enerjisi alır.
Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə son illərdə elektroenergetika sahəsində mühüm işlər görülüb, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması, yeni yarımstansiyaların tikintisi diqqət mərkəzində saxlanılıb. Bu sırada Ağstafa rayonunda energetika sisteminin yenidən qurulması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması prioritet məsələlərdən olub. Bu ərazidə son illərdə aparılan geniş tikinti, yenidənqurma və bərpa işləri nəticəsində rayonun kəndlərinin və ətraf ərazilərin elektrik təchizatının yaxşılaşdırılması, həmçinin kənd təsərrüfatı obyektlərinin artan elektrik tələbatının qarşılanması üçün geniş imkanlar yaradılıb. Son illərdə rayonda xeyli hava xətləri çəkilib, kəndlərin elektrik şəbəkəsi özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib və hazırda bu işlər digər kəndlərdə davam etdirilir. Bunların sayəsində mövcud elektrik şəbəkəsinin qoyuluş gücü artıb, texniki itkilər kəskin şəkildə azalıb.
Sonda xatirə şəkli çəkdirilib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında iştirak edib.
Kompleksin Müşahidə Şurasının sədri Rəsul Orucov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.
Bildirildi ki, layihənin ikinci mərhələsində kompleksdə saatda 5 ton emal gücü olan paxlalı bitkilərin toxumu istehsalı zavodu, saatda 25 ton emal gücü olan dənli bitkilərin toxumu istehsalı zavodu, saatda 200 ton təmizləmə və 50 ton qurutma avadanlığı ilə təchiz olunmuş, ümumi həcmi 36 min ton saxlama gücü olan rezervuarlar quraşdırılıb. Bundan başqa, kompleksdə sutkada 120 ton emal gücü olan dəyirman, çörək və yarımfabrikatlar istehsalı zavodu, müasir avadanlıqlarla təchiz edilmiş fast-food iaşə xidmətləri obyekti, aqromarket, yeraltı avtomobil dayanacağı inşa edilərək istifadəyə verilib.
Dövlətimizin başçısı müəssisəni işə saldı.
Məlumat verildi ki, müəssisə toxum istehsalından başlayaraq taxılın becərilməsini, emalını son istehlak məhsuluna gətirərək əhaliyə təqdim edir. Məhsullar həm keyfiyyət göstəricilərinə, həm də beynəlxalq bio standartlarına tam cavab verir. İstehsal sahələrində istifadə olunan bütün texnoloji xətlər Almaniya və İsveçrə avadanlıqlarıdır. Müəssisə beynəlxalq bio sertifikat alınması məqsədilə müvafiq sertifikatlaşma proseslərini həyata keçirərək, istehsal edəcəyi toxum və digər yarımfabrikat məhsulları ixrac etmək istiqamətində müvafiq iş aparır.
Kompleksdə, eyni zamanda, 300 yerlik multifunksional mədəniyyət mərkəzi də yaradılıb. Burada müxtəlif səpkili tədbirləri yüksək səviyyədə keçirmək mümkündür.
Prezident İlham Əliyev müəssisədə istehsal olunan məhsullara baxdı.
Qeyd edək ki, layihənin 3-cü mərhələsi çərçivəsində Qazax rayonunda logistika-nəqliyyat mərkəzinin tikintisi və Ağstafa Aqroparkının nəzdində 25 min kubmetrlik meyvə-tərəvəz saxlanması üçün soyuducu anbarın inşası, həmçinin regionda aqrar turizm sahəsinin inkişafı məqsədilə otel kompleksinin inşasına start verilib.
Ağstafa Aqroparkın ümumi ərazisi 20 hektar təşkil edir ki, onun da 10 hektarında artıq inşaat işləri başa çatdırılıb, növbəti 6 hektarda isə tikintiyə başlanıb. Ağstafa Aqroparkının Qazax rayonunun Çaylı kəndində inşa etdiyi nəqliyyat-logistika mərkəzi 4,2 hektar ərazini əhatə edir. Bu cür layihələrin inşası ölkədə iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərə də böyük töhfə verir. Ümumilikdə, Ağstafa Aqroparkında və onun törəmə müəssisələrində çalışanların ümumi sayı 360 nəfər təşkil edir ki, bu da regionda məşğulluğun təmin olunması sahəsində önəmli yer tutur. Layihənin əsas konsepsiyalarından biri də “Tarladan süfrəyə” prinsipinin həyata keçirilməsidir.
Sonra Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşdü.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
-Sizi salamlayıram, mən artıq üçüncü dəfədir ki, Ağstafa aqrar parkının işi ilə tanış oluram. Hər dəfə burada olanda yeniliklər görürəm, inkişaf görürəm. Şadam ki, aqroparkın bu illər ərzində inkişafı çox sürətlidir və o cümlədən mənim də tövsiyələrim nəzərə alınıbdır. Beləliklə, Ağstafa rayonunda çox müasir istehsal, kommersiya, ticarət kompleksi yaradılıb.
Mən birinci dəfə burada 2012-ci ildə olmuşam. O vaxt biz aqroparkın yaradılmasının birinci mərhələsini qeyd edirdik. Ondan sonra 2016-cı ildə bu gün burada tanış olduğum müəssisənin təməl daşı qoyulmuşdur və bu gün – 2020-ci ildə yenə də buradayam. Şadam ki, bu aqropark bu gün Azərbaycanın kənd təsərrüfatı və emal sahəsində çox önəmli rol oynayan böyük bir müəssisədir. Bu da təbiidir. Çünki Azərbaycanda sahibkarlar, investorlar üçün çox gözəl şərait yaradılıb. Onlar bilirlər ki, dövlət onların arxasındadır. Bilirlər ki, Azərbaycan bundan sonra da sabitlik yolu ilə gedəcək və investorlar üçün əsas məsələlər bunlardır. Hər bir investor – istər xarici olsun, istər daxili olsun, öz investisiyalarını planlaşdıranda mütləq bu amilləri nəzərə alır. Bir çox xarici investorlarla görüşlər əsnasında onların mənə bildirdikləri əsas fikir o idi ki, Azərbaycanda sabitlik var. Bu sabitliyin artıq 27 yaşı var və bundan sonra da ölkənin uğurlu inkişafı heç kimdə şübhə doğurmur.
Bundan əlavə, mövcud olan infrastruktur. Əgər indiyədək dövlət tərəfindən bölgələrdə infrastruktur layihələri icra edilməsəydi, yəqin ki, investorlar da investisiyaları üçün başqa yerlər axtaracaqdılar. Ağstafa rayonunda bu sahədə çox böyük işlər görülüb. Bu gün yeni yarımstansiyanın açılışında mənə məlumat verildi ki, indi Ağstafa rayonunun enerji təchizatı 20 meqavat ətrafındadır, ancaq potensial iki dəfə bundan böyükdür. Yəni, iki dəfə bundan artıq sənaye müəssisələrinin, digər obyektlərin yaradılması artıq mövcud enerji gücləri ilə təmin ediləcək. Əlbəttə ki, enerji təminatının yaxşı səviyyədə olması biznes üçün vacib şərtlərdən biridir. Bildirməliyəm ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Qazlaşdırma səviyyəsi Ağstafa rayonunda 90 faizdir. Təmirli yolların səviyyəsi 90 faizə yaxındır. İçməli su layihəsi 2013-cü ildə başa çatmışdır, istismara verilmişdir. Yəni, investorlar üçün bütün şərait yaradılıb. Şadam ki, Ağstafa Aqroparkının investorları bütün bu imkanlardan istifadə edib, böyük vəsait qoyublar. Mənə verilən məlumata görə 80 milyon manat ətrafında vəsait qoyulub və qoyulan vəsait göz qabağındadır. Çünki bir daha demək istəyirəm, üçüncü dəfədir ki, buradayam və bu aqroparkın inkişafının tarixçəsi də mənim gözümün önündə olub.
Bu aqroparkın kənd təsərrüfatının inkişafına da çox böyük dəstəyi olacaq. Mən maraqlandım, məhsuldarlıq orta məhsuldarlıqdan çoxdur. Ölkə üzrə taxılçılıqda orta məhsuldarlıq 32 sentnerdir, sizdə isə 40-50 sentner məhsul əldə edilir. Bu da çox vacibdir. Çünki bizim əkin sahələrimiz bir qədər məhdud olduğu üçün məhsuldarlığın artırılmasına xüsusi diqqət göstərilməlidir.
Sahibkarlar dövlət tərəfindən qayğı ilə əhatə olunub, dövlət öz dəstəyini göstərir. Bu aqroparkın yaradılmasına da dövlət öz maliyyə dəstəyini göstəribdir, ancaq investorların qoyduğu vəsait ondan qat-qat artıqdır. Amma dövlət öz dəstəyini göstərməklə, eyni zamanda, öz siyasi dəstəyini də göstərir. Sahibkarlığın inkişafı bundan sonra ölkəmizin inkişafının əsas şərti olacaq. Çünki dövlət xətti ilə icra edilən əsas infrastruktur layihələri başa çatmaq üzrədir. Ona görə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması – bütün bunlar dövlət siyasətimizin tərkib hissəsidir. İnvestorlar da belə gözəl müəssisələrin yaradılması ilə digər sahibkarlara da yol göstərirlər ki, gəlin, siz də vəsait qoyun. Azərbaycanlı investorlar, ilk növbədə, Azərbaycana vəsait qoymalıdırlar ki, bizdə işlər daha yaxşı getsin. Çünki bizim əhalimiz artır. Biz hər il 100 min artan əhalini gələcəkdə iş yerləri ilə təmin etməliyik. Ona görə iqtisadi inkişaf, sərmayə qoyuluşu demoqrafik inkişafı üstələməlidir. Bu, əsas vəzifədir. Əlbəttə ki, işlə təmin edilən vətəndaşlar yaxşı maaşla təmin olunmalıdırlar, onların iş şəraiti yaxşı olmalıdır. Mən demişəm ki, 8 saatlıq iş günü vardır və heç bir işçini ondan artıq işlətmək olmaz. Eyni zamanda, bütün işçilər gərək rəsmi qaydada maaş alsınlar, kölgə iqtisadiyyatına yol vermək olmaz. Qeyri-rəsmi məşğulluğa yol vermək olmaz. Sizin kimi müəssisələrdə bu faktlar yoxdur və ümumiyyətlə ola da bilməz. Çünki sizin yanaşmanız beynəlxalq yanaşmadır və mən istəyirəm ki, bütün Azərbaycan müəssisələri bu prinsiplər əsasında işləsinlər.
Mən bunu artıq bir neçə dəfə demişəm, bir daha işçilərə demək istəyirəm. Xüsusilə nəzərə alsaq ki, bu bölgədə aprelin əvvəlindən səhiyyə sistemimiz icbari tibbi sığorta sisteminə keçir, pulsuz tibbi xidmət almaq üçün vətəndaşlar gərək mütləq rəsmi qaydada işləsinlər. Ona görə qeyri-rəsmi məşğulluğa qarşı mübarizə üsullarından biri də icbari tibbi sığorta olacaq. Əlbəttə ki, əgər kimsə qeyri-rəsmi işləyirsə, gələcəkdə pensiyadan da məhrum olacaq.
Bir sözlə, belə gözəl müəssisələrin yaradılması və inkişafı məni çox sevindirir. Xüsusilə mən bu aqroparkın timsalında ardıcıl siyasəti görürəm. Çünki bəzi hallarda müəssisə yaradılır, hətta elə hallar olub ki, mən o müəssisələrin açılışında iştirak etmişəm, ondan bir müddət sonra o bağlanır. Deməli, iş prosesi düzgün qurulmayıb. Amma sizdə nəinki bağlanmayıb, hətta mənim bura gəldiyim bu 8 il ərzində hər dəfə inkişaf, yenilik görürəm. Görürəm ki, burada insanlara yüksək qayğı göstərilir. Bu şərait böyük zövqlə yaradılıb, eyni zamanda, market, kafe. Hər şey insanlar üçündür ki, Azərbaycan vətəndaşları daha yaxşı, rahat yaşasınlar. Bunları təmin etmək üçün Azərbaycan dövlətinin kifayət qədər iradəsi, imkanları var və Ağstafa rayonunda görülən işlər buna əyani sübutdur.
Sizi bir daha təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Mən maraqlandım və məlumat verildi ki, bu üçüncü mərhələ sonuncu mərhələdir. Amma sizin başqa planlarınız da var və ümid edirəm ki, növbəti dəfə sizinlə burada görüşəndə yeni layihələr haqqında mənə məruzə edəcəksiniz. Sağ olun.
X X X
Kompleksin əməkdaşı Şahlar Məhərrəmov onların fəaliyyətinə verdiyi dəstəyə görə dövlətimizin başçısına təşəkkür edərək dedi:
-Cənab Prezident, Ağstafaya gəlməyiniz münasibətilə Sizə “Çox sağ olun!” deyirəm.
Cənab Prezident, inanın səmimiyyətimizə, biz ağstafalılar əvvəllər Bakı şəhərinə gedəndə paytaxtda o cür gözəl şəraitin yaradıldığını görəndə bizə yuxu kimi gəlirdi ki, görəsən, bizim Ağstafamızda da bu cür şərait qurula bilərmi, bu cür şərait ola bilərmi. Çox şükür bugünkü günə. Bu gün açılışında iştirak etdiyimiz bu gözəl şəraiti bizə bəxş etdiyinizə görə cənab Prezident, Sizə bütün ağstafalılar adından “Çox sağ olun!” deyirəm. Allah Sizi var eləsin, Allah Sizi qorusun cənab Prezident.
Prezident İlham Əliyev: Çox sağ olun.
Sonra xatirə şəkli çəkdirildi.
Dövlətimizin başçısına minnətdarlığını bildirən kompleksin Müşahidə Şurasının sədri Rəsul Orucov dedi:
-Cənab Prezident, bizim mədəniyyət mərkəzinin özünün musiqi kollektivi də var. Bizim Sahil adlı bir işçimiz var, əlildir, bütövlükdə gözü görmür. Onun üçün xüsusi olaraq Almaniyadan İtaliya istehsallı zərb aləti gətirmişəm. Zərb alətində çox gözəl ifa edir. Biz bayram tədbirlərinə hazırlaşırıq.
– Skripka ifaçısı Ceyhun: Cənab Prezident, bölgələrdə o qədər gözəl şərait yaratmısınız ki, böyük məmnuniyyətlə gəlirəm, burada bu cavan uşaqlarla kollektiv düzəltmişik, silsilə tədbirlər keçiririk.
Prezident İlham Əliyev: Keçirin, vətəndaşlar da, sənət adamları da razı olsunlar. Belə çox müasir, gözəl konsert zalı harada var? Belə də davam edin. Sağ olun.
Qeyd edək ki, dövlətimizin başçısının rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılması və ümumilikdə, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox mühüm layihələr icra olunub. Bu baxımdan həyata keçirilən işlər arasında aqrar sənaye komplekslərinin yaradılması müstəsna əhəmiyyət kəsb edir. Aqrar sektorun inkişafında, regionlarda iqtisadi potensialın artırılmasında, ərzaq təhlükəsizliyinin
təmin olunmasında yeni metod və üsulların tətbiqi, qabaqcıl texnologiyalara əsaslanan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması bir neçə mühüm amili özündə birləşdirir. Ağstafa Aqrar Sənaye Kompleksi ölkədə bu cür layihələrin icrası ilə bağlı görülən işlərin ardıcıl xarakter aldığını göstərir. Bu kompleks 2010-cu ildə dövlət qeydiyyatından keçərək 2010-2012-ci illər ərzində bitkiçilik bölməsinin yaradılması məqsədilə qurulub. O zaman bu aqroservis 15 min hektar sahədə xidmət göstərmək üçün lazım olan bütün texnika və avadanlıqlarla təchiz edilib. 2012-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə layihənin birinci mərhələsinin açılışı olub. 2016-cı ildə isə müəssisə öz inkişaf planına uyğun olaraq bitkiçilik bölməsini, anbar sahələrini inşa edərək layihənin ikinci mərhələsində nəzərdə tutulmuş işlərə start verib. Belə komplekslər aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək, sosial-iqtisadi inkişafın sürətləndirilməsində, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, ixrac potensialının və məşğulluğun artırılmasında böyük əhəmiyyətə malikdir. Aqroparkların, bu cür komplekslərin yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında mühüm rol oynayacaq.