İlham Əliyev: “Azərbaycanda bütün azadlıqlar təmin olunub”

“Azərbaycanda aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının ideyaları xalq tərəfindən dəstəklənir”.

Yenicag.az xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib.

Dövlət başçısı deyib ki, 700 mindən çox üzvü olan siyasi təşkilata gənclərin axını davam edir: “Son 25 ildə partiya şərəfli yol keçib, bütün seçkilərdə qələbə qazanıb. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Müstəqilliyin ilk illərində ölkədə yaranan acınacaqlı vəziyyət xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyevin fəaliyyəti nəticəsində aradan qaldırılıb. 1993-cü ildən sonra Heydər Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün istiqamətlərində nailiyyətlər qazanılıb. 2003-cü ildən sonra Heydər Əliyev siyasəti uğurla davam etdirilib. Bu illər ölkəmizin sürətli inkişaf illəridir. Vəzifələr uğurla həllini tapıb, vədlər həyatda öz əksini tapıb. Ölkədə sabitliyi şərtləndirən əsas məsələ xalq-iqtidar birliyidir. Bu gün dünyada ən təhlükəsiz ölkələrdən olan Azərbaycanda bütün azadlıqlar təmin olunub. Bu siyasət gələcəkdə də davam etdiriləcək”.

“Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdə ikinci erməni dövləti yaransın” deyən dövlət başçısı vurğulayıb ki, tarixi torpaqlara qayıdış bizim siyasi-strateji hədəfimizdir.

Ermənistanın bütün regional layihələrdən kənarda qaldığını vurğulayan prezident İlham Əliyev təcrid siyasətinin torpaqlarımız azad olunana kimi davam etdiriləcəyini deyib.

Ölkədə həyata keçirilən ordu quruculuğunun əhəmiyyətindən danışan dövlət başçısı deyib ki, beynəlxalq reytinqlər Azərbaycan ordusunun gücünü əks etdirir.

COP29