!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Beyləqana getdi – Fotolar

!Reklam – Yazi

14789479176545962456_1000x669Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqanda Bayraq Muzeyinin açılışında iştirak edib.

Dövlət başçısı Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, muzeyin inşası cari il ərzində aparılıb. Rayonun daxili imkanları hesabına həyata keçirilən layihə çərçivəsində ümumi sahəsi 420 kvadratmetr olan bina tikilib. Zəruri infrastrukturla təchiz olunan muzeydə 129 eksponatın sərgilənməsi üçün hər cür şərait yaradılıb. Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, gerbləri, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunur.

Azərbaycan Xalq Cümhuriyyətinə aid əsginaslar, Azərbaycan Respublikasının poçt markaları, müxtəlif güc nazirliklərinin zabitlərinin hərbi geyim formaları da burada sərgilənir. Muzeydə müstəqillik dövrümüzün tarixi hadisələrinə də geniş yer verilib.

Muzeydə nümayiş etdirilən eksponatlar həm Beyləqan gənclərində, həm də rayona gələn qonaqlarda Azərbaycanın şanlı tarixi haqqında təsəvvür yaratmağa geniş imkanlar açır.

***

Prezident İlham Əliyev noyabrın 12-də “Beyləqan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində görülən işlərlə tanış olub.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Dövlət başçısına məlumat verib ki, “Beyləqan şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi artıq yekunlaşıb. Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilən layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Beyləqan şəhərində 24,3 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində Beyləqan şəhəri ilə yanaşı, rayonun 7 min nəfər əhalinin yaşadığı Aşıqlı, Şəfəq və Əlinəzərli kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə layihədən 31 min 300 sakin faydalanacaq.

Bildirilib ki, layihənin icrasına 2012-ci ildə başlanılıb və mərhələlərlə həyata keçirilib. İlkin mərhələdə Beyləqan şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün rayonun Əlinəzərli kəndi yaxınlığında ümumi məhsuldarlığı saniyədə 95 litr olan 5 subartezian quyusu qazılıb. Quyu ərazisində iki su anbarı, xlorator binası və nasos stansiyası tikilib. Su mənbəyindən Beyləqan şəhərinə 8,6 kilometr uzunluğunda magistral kəmər çəkilib, şəhərdə mövcud olmuş və ümumi tutumu 4000 kubmetr olan iki su anbarı da təmir edilib.

Qeyd edilib ki, layihənin ikinci mərhələsində Beyləqan şəhərində içməli su və kanalizasiya şəbəkələri yenidən qurulub. Bu məqsədlə 91,5 kilometr uzunluğunda içməli su şəbəkəsi yaradılıb, 5846 ünvana birləşmə verilib və abunəçilər sayğacla təmin olunub. Şəhərdə 413 yanğın hidrantı quraşdırılıb. Yeni yaradılmış su təchizatı sistemləri vasitəsilə şəhərə 24 saat fasiləsiz içməli suyun verilməsi təmin edilib. Layihə çərçivəsində Beyləqan şəhərində 75 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, 1,7 kilometr uzunluğunda kollektor inşa edilib. Şəhərin kanalizasiya şəbəkəsinə 5120 ünvanın qoşulması təmin olunub. Bununla da Beyləqan şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatdırılıb.

Bildirildi ki, layihəyə uyğun olaraq Beyləqan Sukanal İdarəsi üçün müasir standartlara cavab verən yeni inzibati bina da tikilib. 700 kvadratmetr ərazisi olan binada Heydər Əliyev guşəsi qurulub, Ulu Öndərin büstü qoyulub. Binada müasir standartlara cavab verən laboratoriya, konfrans zalı, işçi otaqları və kafe yaradılıb. Bundan başqa, burada mühasibatlıq, dispetçer, müştəri xidmətləri fəaliyyət göstərəcək. Layihənin növbəti mərhələsində şəhərdə yaranacaq tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan təmizləyici qurğunun inşası nəzərdə tutulur.

Qeyd olundu ki, yeni layihənin icrasına qədər Beyləqanda mövcud infrastruktur istehlakçıların tələbatını ödəməyə imkan vermirdi. Çünki şəhərin içməli su və kanalizasiya sistemləri 1960-1970-ci illərdə yaradılıb. Əlli kilometr uzunluğunda içməli su şəbəkəsi şəhərin bir hissəsini əhatə edib və istismar müddəti başa çatıb. Yeni layihənin icrasına qədər Beyləqan şəhərində yaşayan 15 min sakinin 8 minə qədəri və ya təqribən 53 faizi mərkəzləşdirilmiş qaydada qrafikli rejimlə su ilə təmin olunub.

Bildirildi ki, Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” Göyçay, Ağdaş, Beyləqan və Ağcabədi şəhərlərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur. Bu layihə çərçivəsində 2015-ci ildə Göyçay şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatdırılıb, tullantı sutəmizləyici qurğunun inşası davam etdirilir. Ağdaş şəhərində içməli su və kanalizasiya şəbəkələrinin inşası başa çatmaq üzrədir. Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə isə tender keçirilib, podrat müqaviləsi imzalanıb və tikinti işlərinə hazırlıq görülür.

Sonra Prezident İlham Əliyev Beyləqan şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.

Sonda xatirə şəkli çəkdirilib.

***

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində əsaslı yenidənqurma və bərpadan sonra istifadəyə verilən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunda yaradılan şəraitlə tanış olub.

AzNews.az xəbər verir ki, Dövlət başçısı yolun texniki göstəricilərini, görülən işləri əks etdirən stendlərə baxıb.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov yolun texniki-iqtisadi göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verib.

Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisi Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı Sərəncama əsasən həyata keçirilib. Yolun 22 kilometrlik hissəsinin açılışı 2014-cü ildə dövlətimizin başçısının iştirakı ilə olub. Cari ildə isə Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinin başa çatdırılması “Azəravtoyol” ASC-yə həvalə edilib.

Bildirildi ki, dördüncü texniki dərəcəyə uyğun layihələndirilən yolun uzunluğu 39 kilometrdir. Hərəkət hissəsinin eni 6 metr olan yol iki zolaqdan ibarətdir. Yol boyunca 80 suötürücü boru tikilib, 360 təhlükəsizlik dirəyi, müxtəlif yol nişanları və göstərici lövhələr quraşdırılıb. Ən əsası odur ki, 25 min əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən bu yolun tikintisi yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək, nəqliyyatın rahat və təhlükəsiz hərəkətinin təmin edilməsində mühüm rol oynayacaq.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

www.yenicag.az

896
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv