İlham Əliyev: Biz onları torpaqlarımızdan elə qovduq ki, dabanlarına tüpürüb qaçdılar

Onlar bütün bu illər ərzində qürrələnir, özlərinin “məğlubedilməz ordusu” ilə lovğalanırdı. Biz onları torpaqlarımızdan elə qovduq ki, dabanlarına tüpürüb qaçdılar.

Yenicag.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinə videomüsahibəsində deyib.

Dövlət başçısı bildirib:

“Biz Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialını praktiki olaraq məhv etmişik. Mən bu rəqəmləri göstərmişəm. 230-dan çox tank əsasən pilotsuz uçuş aparatları vasitəsilə, habelə tank əleyhinə müasir mübarizə sistemləri – bunu gizlətmirəm, özü tuşlanan “Spike” raketləri vasitəsilə məhv edilib. Biz dünənə qədər 36 tankı qənimət götürmüşük, çoxlu sayda digər texnikanı, o cümlədən ən müasir “S-300” zenit-raket komplekslərini, bir neçə işəsalma qurğusunu, 40-a yaxın OSA zenit-raket kompleksi qurğusunu, TOP qurğularını məhv etmişik. Prinsip etibarilə onlar pilotsuz uçuş qurğularına qarşı işləməlidirlər, lakin PUA-lar onları məhv edib. Məgər bunları Suriyanın harasındansa gəlmiş terrorçular ediblər? Yaxud bu gün, bizim Ordumuz əraziləri azad edərkən kim orada həmin terrorçuları görüb? Bunlar bizim əsgərlər və zabitlərdir. Bizim ehtiyatda olanları saymasaq, Azərbaycanın nizami ordusunda 100 min döyüşçümüz var. Biz hətta səfərbərlik elan etməmişik – nə üçün? Bizə lazım deyil. Biz qismən səfərbərlik elan etdik, neçə nəfər cəlb etməyimiz barədə rəqəmlər göstərmək istəmirəm. Lakin onlardan əsasən azad edilmiş ərazilərin monitorinqinin və həmin ərazilərə nəzarətin təmin olunması üçün istifadə edirik. Biz ehtiyatda olanları döyüşə buraxmırıq, hazırda onlar bizim azad etdiyimiz ərazilərdə yerləşirlər ki, erməni tərəfin təxribat cəhdlərinin qarşısını alsınlar. Buna görə faktlar yoxdur, zərurət yoxdur. Yalnız qeybətlər, şayiələr var. Açıq deyim, mən təəssüflənirəm ki, belə söz-söhbətlər yayılır, bununla da Azərbaycana qara yaxmağa cəhd göstərilir. Eyni zamanda, erməni tərəfin alçaldılmış vəziyyətdə olması bizə aydındır. Onlar bütün bu illər ərzində qürrələnir, özlərinin “məğlubedilməz ordusu” ilə lovğalanırdı. Biz onları torpaqlarımızdan elə qovduq ki, dabanlarına tüpürüb qaçdılar”.