Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur və İçərişəhər öz gözəl simasını saxlayır.
Yenicg.az xəbər verir ki, bunu Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə ümumxalq şənliyində iştirak edən Prezident İlham Əliyev İçərişəhərdə sakinlərlə çay süfrəsi arxasında söhbəti zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib: “İçərişəhər bizim tarixi yerimizdir. Bilirsiniz, bir neçə ildir ki, İçərişəhərin xüsusi statusu var, burada xüsusi idarəetmə yaradılıbdır. Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur və İçərişəhər öz gözəl simasını saxlayır. Dünyada belə böyük şəhərlər o qədər də çox deyil. Bir neçə ölkədə belə qədim yaşayış yerləri bizdəki kimi dövlət tərəfindən qorunur. O cümlədən Avropa və Asiya ölkələrində bu cür şəhərlər var. Amma İçərişəhərin xüsusi aurası, xüsusi cəlbedici gücü var. Adam buraya gələndə getmək istəmir. Çox şadam ki, son illər ərzində burada abadlıq işləri aparılır. Amma əsas odur ki, bu tarixi sima qorunur. Demək olar ki, indi buraya hər gün turistlər gəlir”.
İlham Əliyev bildirib ki, burada həm yaşamaq üçün şərait yaradılıb, həm də ki, ictimai yerlər: “Bu gözəl şərait turistləri cəlb edir. İçərişəhərdə tarixi binalar təmir olundu. Onların bir çoxu köhnəlmişdi, sıradan çıxmışdı. İçərişəhər dünya miqyasında nadir bir yerdir”.
Prezident vaxtilə İçərişəhərin sakinlərinin köçürülməsi ilə bağlı təkliflərin qəti şəkildə əleyhinə olduğunu deyib: “Çünki İçərişəhəri yaşadan burada yaşayan insanlardır. Yəni, bu, muzey deyil, bu, yaşayış yeridir. İçərişəhərlilər, onlara xas olan həyat tərzi, mədəniyyət – bunlar bizim böyük sərvətimizdir. İçərişəhərin üstünlüyü ondadır ki, qədim dövrlərdən burada insanlar yaşayır, nəsillər gəlir, gedir. Eyni zamanda, bu, açıq səma altında bir muzeydir. Bəzi ölkələrdə belə qədim yerlər sadəcə olaraq görüntü naminə saxlanılır, turistlər gəlirlər, gəzirlər, çay, qəhvə içib gedirlər. Amma İçərişəhərdə insanlar yaşayır. Əlbəttə ki, burada yaşayan insanlar üçün yaxşı şərait yaradılıb”.
Dövlət başçısı Azərbaycana gələn turistlərin daha da çoxalacağını vurğulayıb: “2016-cı ildən başlayaraq turistlərin sayı hər il artır. Əsas artım 2016-cı ildə başladı. Həmin il 22 faiz artım oldu. Ondan sonra daha 20 faiz artdı. Keçən il isə artım təqribən 5 faiz olub”.