İlham Əliyev: “Bizə qarşı hər hansı bir təxribat törədilərsə, 10 qatını alacaqlar”

“O ki qaldı, bu gün Ermənistan tərəfindən növbəti bir uydurmanın ortalığa atılmasına, mən ona da aydınlıq gətirmək istəyirəm. İndi belə bir rəqəm səsləndirirlər ki, guya, Dağlıq Qarabağdan 90 min erməni qaçıb, qaçqın olub. Yalandır”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində deyib.

Ölkə başçısı qeyd edib ki, Dağlıq Qarabağ ərazisində və işğal edilmiş bizim torpaqlarda İkinci Qarabağ müharibəsinə qədər maksimum 60-65 min insan yaşayıb:

” Biz bunu haradan öyrənmişik? Bizdə operativ məlumat var. Bizim o bölgədə bir çox informasiya mənbələrimiz var və bizim uğurlarımızın səbəblərindən biri də məhz bundadır. Biz tam dəqiqliklə bilirdik və bilirik indi orada nə baş verir, onların xunta başçısı harada gizlənir. Yəqin o da bilir ki, biz bilirdik. Ona görə burnunu çıxara bilmirdi küçəyə, bunkerdə otururdu. Bizim məlumatımız var, mənbələrimiz var, peyk görüntüləri var. Ona görə mən tam əminliklə deyirəm ki, Dağlıq Qarabağda, o cümlədən işğal edilmiş torpaqlarda maksimum 65 min insan yaşayıb. Yaxşı, belə olan halda 90 min qaçqın haradan gəldi? Yenə saxtakarlıq, yenə yalan. İndi yenə məliyə-məliyə, sürünə-sürənə onun-bunun ətəyindən yapışacaq ki, mənə kömək edin. “Mənə kömək edin” onların ideologiyasının əsas prinsipidir. Bu ideologiya ilə hansı xalq inkişaf edə bilər? Ancaq kimdənsə, nə isə gözləmək, ummaq və ondan sonra küsmək, incimək, tələb irəli sürmək kimə xeyir gətirib bu günə qədər?”

Prezident əlavə edib ki, biz qaçqınların sayı ilə bağlı bu yalanları ifşa edəcəyik və əgər bu qaçqınlar olubsa, o, bizim günahımız deyil:

“Çünki biz mülki əhaliyə qarşı vuruşmamışıq. Onlar mülki əhaliyə qarşı vuruşublar. Bizim mülki vətəndaşlar arasında 94 şəhidimiz var, 400-dən çox yaralı mülki şəxs var, 3000-dən çox evimiz dağıdılıb. Onlarda mülki şəxslər arasında itkilər qat-qat aşağıdır. Amma onlar bizim mülki əhalini məqsədyönlü şəkildə vururdular. Gəncəni ballistik raketlərlə vurmuşdular. Kasetli bombalarla Bərdəni vurmuşdular, fosforlu bombalarla. Bu, hərbi cinayətdir. Tərtər şəhəri demək olar ki, dağıdılıb. Ən çox mərmi düşən Tərtər idi. Hər səhər mənə məlumat verilirdi nə qədər mərmi düşür. Gün var idi ki, bir şəhərə, özü də balaca şəhərə iki min mərmi düşürdü. Bu, erməni vəhşiliyi deyilmi? Xocalı soyqırımının təkrarı deyilmi? Görün biz kimlərlə üz-üzə idik və biz kimi məğlub etmişik? Yenə də deyirəm, bu, təkcə ərazi bütövlüyümüzün bərpası deyil, erməni faşizminin belinin qırılmasıdır. Biz bölgəni erməni faşizmindən xilas etdik, dünyanı erməni faşizmindən xilas etdik. Amma baş qaldıra bilər. Ancaq biz imkan verməyəcəyik. Hər kəs bunu bilsin. Özümüzü müdafiə etmək üçün istənilən addımı atacağıq. Öz vətəndaşlarımızı müdafiə etmək üçün istənilən addımı atacağıq və heç kim bizi saxlaya bilməz. Bu 44 gün ərzində bütün dünya gördü. Heç kim bizim qabağımızda dura bilməz, bizə şərt qoya bilməz. Bizə müharibənin ilk günlərində şərt qoymaq istəyən, hədələmək istəyən, şərləmək istəyən ölkələrin, bəzi Qərb ölkələrinin nümayəndələri sərt cavabımızı aldılar. Gördülər, biz o ölkələrdən deyilik ki, kiminsə qabağında baş əyək və mən də o liderlərdən deyiləm ki, kimdənsə nə isə qəbul edim, hansısa sözü. Artıqlaması ilə cavab vermişəm və verəcəyəm lazım gəldikdə. Ona görə əgər erməni faşizmi bir də baş qaldırsa, əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, 10 qatını alacaqlar, 10 qatını və heç kim bizi durdura bilməz”.