“Çoxları sual verir, bu hərbi toqquşmalar nə üçün məhz indi baş verdi? Nə üçün əvvəl olmadı? Hətta Azərbaycana qərəzli münasibət bəsləyənlər və Ermənistanı açıq dəstəkləyənlər də özlərinə bu sualı verməyə məcburdurlar. Axı, 1994-cü il atəşkəs anından 26 il keçib. Bütün bu illər ərzində toqquşmalar olub, qurbanlar olub, lakin belə miqyasda olmayıb. Birdən-birə nə baş verib? Axı, Azərbaycanda heç nə dəyişməyib”
Prezident İlham Əliyev bu fikirləri Rusiyanın İnterfaks agentliyinə müsahibəsində Ermənistanın davakar ritorikası ilə bağlı suala cavabında bildirib.
Bütün bunların baş nazir Paşinyanın düşünülməmiş və təhlükəli fəaliyyətinin nəticələri olduğunu söyləyən Prezident İlham Əliyev qeyd edib ki, onun ölkə daxilindəki bəyanatlarını şərh etməyəcək. “Lakin onun nizamlama ilə bağlı məsələlərdə etdikləri Ermənistan üçün çox təhlükəlidir. Bu gün Ermənistan bunu aydın görür. Buna görə düşünürəm ki, Minsk qrupunun həmsədrləri sabah Ermənistanın xarici işlər nazirinin qarşısında məsələni dəqiq qoymalıdırlar. Başa düşürəm, o, çətin vəziyyətdədir. O, öz rəhbərinin qeyri-adekvat davranışına görə cavab verməli olur. Həqiqətən o, acınacaqlı vəziyyətdədir. O, vəziyyətdən necəsə çıxmalı, sizin qeyd etdiyiniz kimi, bu qeyri-ardıcıl hərəkətləri izah etməli olacaq. Paşinyan gah ağrılı güzəştlərdən danışır, gah deyir ki, məsələnin diplomatik həlli yoxdur, sonra deyir ki, kompromisə getməyə hazırdır, daha sonra deyir ki, Qarabağı axıra qədər müdafiə edəcək. Gah deyir ki, Qarabağ Ermənistandır, sonra deyirdi ki, biz danışıqları Dağlıq Qarabağla aparmalıyıq. Yəni, bir-birini tamamilə qarşılıqlı istisna edən qeyri-adekvatlıq palitrası. Buna görə də düşünürəm ki, sabah bu məsələlərin çoxu aydınlaşacaq”, – deyə dövlətimizin başçısı vurğulayıb.