Tarix sübut edib ki, xalqlar yalnız lideri ilə böyük nailiyyətlər qazanaraq ümummilli hədəflərə yüksələ bilirlər. Xalqın həyatını, taleyini müsbət mənada dəyişməyi yalnız həqiqi liderlər bacarır və bu ali, müqəddəs məqamdan sonra milyonların etimad, sevgi ünvanına çevrilirlər. Xalqlar və millətlərə böyük qələbəni də, xoşbəxtliyi də yalnız liderlər bəxş edirlər. Bu isə heç vaxt unudulmur, yaddaşlardan silinmir.
Bu baxımdan, qeyd etmək yerinə düşər ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli ictimai-siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev məhz belə liderlərdəndir və onun rəhbərliyi ilə ölkəmiz tarixinin ən qüdrətli dövrünü yaşayır.
Dünya dövlətləri sırasında böyük nüfuzu ilə fərqlənən Azərbaycanın inamla reallaşdırdığı sosial-iqtisadi islahatlar, infrastruktur layihələri, təhsil sahəsində diqqət çəkən yeniliklər Prezident İlham Əliyevin çevik və qətiyyətli siyasətinin təntənəsidir. “Mən hər bir azərbaycanlının prezidenti olacağam” vədinə sadiq qalan ölkəmizin başçısı hər zaman xalqın böyük inam və etimadını qazanaraq insan amilinə, ən əsası isə xalqın iradəsinə xüsusi önəm verib, bütün fəaliyyəti dövründə milli maraqlarımızın qorunmasının təminatçısı olub.
İqtisadi sahədə mühüm nailiyyətlərin əldə olunması, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, bölgələrdə davamlı yüksəlişin təmin edilməsi dövlət başçısının uğurlu daxili siyasətinin təzahürləridir. Cənab Prezident demək olar ki, respublikamızda bütün sahələrin inkişafına böyük həssaslıq və diqqətlə yanaşıb, tərəqqi üçün ən zəruri addımlar atıb. Böyük strateq kimi torpaqlarımızın azad olunması məqsədilə ordumuzu Qələbəyə hazırlayaraq, ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, Silahlı Qüvvələrimizin ən müasir silah, sursat, hərbi texnika ilə təchiz olunmasına yönələn tədbirlər həyata keçirmişdir. Bölgədə davamlı sülhün əldə olunmasına sədaqətini fəaliyyəti ilə sübut edən dövlətimizin başçısı əvvəlcə diplomatik cəbhədə üstünlüyümüzü tam təmin etdi və ən yüksək tribunalarda Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Prezident Qarabağ danışıqlarında dəfələrlə bəyan etmişdi ki, biz sülh tərəfdarıyıq, amma Azərbaycan bu işğalla barışmayacaq. Ölkəmizin sülh çağırışlarına marionet Ermənistan qeyri-konstruktiv addımlarla cavab verdi ki, bu da bölgədə müharibə ilə nəticələndi. Beləliklə, 2 əsrlik tariximizdə ilkə imza atan Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində 1 günlük lokal antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövüyünü tam təmin etmiş lider kimi tarix yazdı və anti-Azərbaycan dairələrini, ölkəmizin düşmənlərini məyus etdi.
Azərbaycan Prezidenti İlham Əliyev liderliyi ilə beynəlxalq hüququn imkanları əsasında suveren hüquqlarını təmin edərək tarixi ərazilərimizi azad etdi.
Artıq 4 ildir ki, həmin ərazilərdə tikinti-quruculuq layihələri həyata keçirilir. Keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar və Böyük Qayıdış prosesi uğurla davam edir, əzəli torpağımızda həyat yenidən canlanır. Qarabağ Universitetinin yaradılması da işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdışın sürətlənməsində əhəmiyyətli rol oynayır. Bu təhsil ocağının fəaliyyətə başlaması Qarabağın sosial-iqtisadi ehtiyaclarına uyğun yüksək ixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədi daşıyır. Azərbaycan liderinin qarşısına qoyduğu əsas məqsədlərdən biri də sağlam ruhlu gənc nəsil yetişdirmək, xalqımızın gələcəyini təmin etməkdir. Bununla da əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətini bu gün cənab Prezident İlham Əliyev qayğısı və diqqəti ilə ən yüksək səviyyədə davam etdirir. Gənclərimizin müxtəlif beynəlxalq əhəmiyyətli müsabiqələrdə, idman yarışlarında iştirakı, bir-birindən fərqli sahələrdə ön mövqedə olmaları və eyni zamanda Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi, ölkəmizdə keçirilən genişmiqyaslı tədbirlər ölkəmizin dünya dövlətləri arasında nüfuzunun daha da artmasına səbəb olan başlıca amillərdəndir.
Prezident İlham Əliyev təkcə ölkəmizdə, regionda deyil, qlobal arenada yüksək hörmət və ehtiramla qəbul olunur. Ulu öndər Heydər Əliyevin “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikri heç də təsadüfi deyildi. Prezident İlham Əliyev bu günümüzün və sabahımızın birmənalı şəkildə təminatçısıdır.
Dövlət başçımız Azərbaycan tarixində yeni missiya ilə yeni bir səhifənin əsasını qoyub. Bu missiyanın fəlsəfəsi “Əsl siyasət real, konkret iş görməkdən ibarətdir” vurğulayan liderimiz milli dövlətçilik quruculuğu və idarəçiliyinin daim inkişafda olan növbəti mərhələsini yaradıb.
Cənab Prezidentin diqqət etdiyi əsas məsələlər hər zaman şəxsiyyət azadlığı, insanların maddi rifah səviyyəsi, vətəndaş hüquqlarının qorunması olub. “Siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır” deyən dövlət başçısı hər zaman keyfiyyətcə yeni mərhələdə insan və vətəndaş mənafeyinə xidmət edən islahatların dərinləşdirilməsini zəruri sayıb.
Müzəffər Ali Baş Komandan daim ölkəmizdə kadr potensialının inkşafına da diqqət yetirib, müxtəlif sferalarda gənclərin fəallığını xüsusilə vurğulayıb. Ölkədə kadr islahatlarının aparılmasında əsas istiqamətlərdən biri məmurlara cəmiyyətin inamını artırmaq olub. Yeni dövrdə müasir standartlara cavab verən yeni kadrların cəmiyyətin müxtəlif sahələrində işə cəlb olunması ölkəmizin gələcək inkişafı üçün atılan mütərəqqi addımlardır. Cənab Prezidentin idarəetmə sistemində apardığı islahatlar təbii ki, ölkəmizin dayanıqlı inkişafı yolunda olan böyük təkanın başlanğıcıdır.
Prezident İlham Əliyev hər zaman məhz milli maraqlara söykənən liderlik missiyasını şərəflə yerinə yetirdiyi üçün haqlı olaraq fenomendir, xalqın qürur mənbəyidir və Tanrının xalqımıza lütfüdür!
Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı,
Naxçıvan Dövlət Universitetinin dosenti