10:52
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 30-da Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Yenicag.az xəbər verir ki, dövlət başçısı Çinin Azərbaycan üçün etibarlı tərəfdaş və dost ölkə olduğunu vurğulayaraq, özünün Çin Xalq Respublikasına rəsmi səfəri və ölkə rəhbərliyi ilə görüşlərini məmnunluqla xatırlayıb.
Prezident İlham Əliyev həmin səfərdən keçən dövr ərzində ikitərəfli münasibətlərin bütün istiqamətlərdə daha da inkişaf etdiyini, Çinin yüksək səviyyəli nümayəndə heyətlərinin Azərbaycana səfər etdiklərini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, bu dövr ərzində siyasi və iqtisadi əlaqələrimiz daha da möhkəmlənib. Prezident İlham Əliyev xanım Li Syaolinin Azərbaycana səfərinin maraqlı və səmərəli keçəcəyinə, iki ölkə arasında əlaqələrin daha da genişlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.
Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Li Syaolin Azərbaycana ilk dəfə səfər etdiyini deyərək, Prezident İlham Əliyevlə görüşməsindən böyük şərəf hissi duyduğunu vurğulayıb. O bildirib ki, Bakıya gəldikləri qısa müddət ərzində paytaxtda gördüyü inkişaf prosesləri nümayəndə heyətinin üzvlərinə dərin təəssürat bağışlayıb. Xanım Li Syaolin rəhbərlik etdiyi qurum haqqında dövlət başçısına məlumat verib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf etdiyini və bunun hər yerdə hiss olunduğunu qeyd edib. Qonaq Heydər Əliyev Fondu ilə birgə fəaliyyəti haqqında məlumat verib, maraqlı layihələrin həyata keçirilməsi ilə bağlı imkanların mövcud olduğunu deyib.
Söhbət zamanı iqtisadi, humanitar sahələrdə əməkdaşlıq barədə danışılıb, çinli turistlərin Azərbaycana böyük maraq göstərdikləri qeyd olunub.