İlham Əliyev Ərdoğan görüşünün əsas gündəmi…- TƏHLİL

“Türkiyəyə səfər edən prezident İlham Əliyev həmkarı Rəcəb Tayyib Ərdoğan arasındakı görüşdə qardaş ölkədə 24 iyun tarixində keçiriləcək erkən parlament və prezident seçkiləri ciddi müzakirə mövzusu olmalıdır. Çünki, həmin məsələ təkcə Türkiyə üçün strateji önəm daşımır, həm də geosiyasi və mənəvi-psixoloji anlamda Azərbaycan üçün vacib əhəmiyyət kəsb edir. Bu baxımdan düşünürəm ki, Azərbaycan iqtidarı Türkiyədə prezidentliyə yenidən Ərdoğanın seçilməsində maraqlıdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında İlham Əliyevin Ankara səfərini dəyərləndirərkən politoloq Natiq Miri deyib.  Politoloq görüşdə, həmçinin, Qarabağ, Suriya, iqtisadi əlaqələr kimi məsələlərin də müzakirə predmeti olacağını bildirib:

“Azərbaycanda keçirilən prezident seçkilərindən sonra İlham Əliyevin ilk olaraq Türkiyəyə səfər etməsi bir daha göstərdi ki, dövlət başçısı iki qardaş ölkə arasında mövcud olan ənənəni davam etdirir. Adətən, prezident seçkilərindən sonra bu iki ölkə rəhbərləri ilk olaraq qarşılıqlı şəkildə bir-birini ziyarət edirlər. İlham Əliyev Türkiyəyə səfər etməklə bu ölkənin strateji yönümünü və mənəvi-psixoloji cəhətdən qardaş ölkələr olduğumuzu bir daha ortaya qoydu. Bu təkcə Türkiyə üçün deyil, eyni zamanda regionda, habelə qlobal sahədəki digər dünya güclərinə də bir mesajdır ki, həmin iki qardaş ölkə ayrılmaz bir bütövün parçalarıdır. Fikrimcə, səfər fonunda digər güc mərkəzlərinə verilən başlıca mesaj məhz budur.

Görüşdə, iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması fikrimcə, müzakirə predmeti olmalıdır. Düşünürəm ki, Türkiyə ilə Azərbaycan arasında olan 5 milyard dollarlıq ticarət əlaqəsi yetərli deyil və 2-3 dəfəyə qədər qaldırılmalıdır. Bu gün Türkiyə və Azərbaycan bazarlarında iki qardaş ölkənin məhsulları özünü daha çox göstərməlidir, nəinki başqa ölkələrin. Zənnimcə, proses məhz bu istiqamətdə gedir.

Səfər çərçivəsində keçirilən görüşlərlə düşünürəm ki, Bakının təşəbbüsü ilə Azərbaycandan başlayıb, Gürcüstan və Türkiyədən keçməklə Avropaya daşınan TANAP qaz layihəsi vasitəsilə qardaş ölkənin qazla təmin olunması prosesinə də rəvac veriləcək. Yaxın Şərq, Suriya, Türkiyəni təhdid edən bir çox digər məsələlər və bu istiqamətdə Ankaranın atacağı addımlarda iki dövlət başçısı arasında müzakirə obyekti olacaq. Çünki həmin təhdidlər təkcə Türkiyəni yox, Azərbaycanı da narahat edir.

Ərdoğana qarşı həm daxildə, həm də xaricdə Türkiyəni istəməyən qüvvələr tərəfindən düşmənçilik planları işlənilir. Görüşdə bu məsələnin müzakirə ediləcəyi də istisna deyil. Ən nəhayət, Azərbaycan üçün həyatı məsələ olan Dağlıq Qarabağ problemi də danışıqlard a həmişə olduğu kimi diqqət mərkəzində olacaq. Çünki təkcə regionda deyil, qlobal səviyyədə Türkiyənin mövqeyi gücləndikcə, Dağlıq Qarabağ probleminin həlli məsələsi də bir o qədər yaxınlaşır. Türkiyə , Rusiya, İran münasibətləri daha sıx müstəviyə yaxınlaşaraq dərinləşdikcə, Ankara həmçinin Qarabağ probleminin həllində də ciddi söz sahibi olacaq. Bütün bunlar göstərir ki, iki qardaş ölkə arasında müzakirə olunacaq silsilə məsələlər var ki, onlara da Ankaraya baş tutan səfər çərçivəsində toxunulacaq”.

Qeyd edək ki, Azərbayan prezidenti İlham Əliyev seçkilərdən sonra ilk xarici səfərini Türkiyəyə edib. Bu səfər çərçivəsində onun Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və Türkiyə Böyük Mllət Məclisinin sədri ilə görüşləri olub.

ELÇİN