İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1197-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Yenicag.az xəbər verir ki, fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1197-VQ nömrəli Qanununun 2018-ci il sentyabrın 1-dən tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.3. həmin Qanunun 8.4-cü və 15.4-cü maddələrində nəzərdə tutulmuş dövlət rüsumunun məbləğləri barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.4. həmin Qanunun 14.6-cı maddəsinə uyğun olaraq, dezoksiribonuklein turşusu (DNT) analizinin aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu, saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi qaydasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 14.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.2. həmin Qanunun 7.3-cü, 7.4-cü (birinci halda), 7.5.3-cü, 9.2-ci, 10.0-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı dövlət orqanları həyata keçirirlər:

2.2.1. həmin Qanunun 7.1.1-ci maddəsində göstərilən ümumvətəndaş pasportu alan şəxslərə, 7.1.2–7.1.5-ci, 7.2-ci maddələrində göstərilən şəxslərə və 7.1.6-cı maddəsində göstərilən inzibati qaydada həbs edilmiş şəxslərə münasibətdə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

2.2.2. həmin Qanunun 7.1.1-ci maddəsində göstərilən xidməti və ya diplomatik pasport alan şəxslərə münasibətdə – Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi;

2.2.3. həmin Qanunun 7.1.6-cı maddəsində göstərilən cinayət törətməkdə şübhəli bilinən və təqsirləndirilən şəxslərə münasibətdə – təhqiqat orqanları, ibtidai istintaq orqanları və ya həmin orqanların müraciəti ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

2.2.4. həmin Qanunun 7.1.6-cı maddəsində göstərilən məhkum olunmuş şəxslərə münasibətdə – Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

2.2.5. həmin Qanunun 7.1.7–7.1.9-cu maddələrində göstərilən şəxslərə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;

2.3. həmin Qanunun 7.4-cü maddəsində (ikinci halda), 14.4-cü (ikinci halda), 15.2-ci maddələrində, 18.1-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;

2.4. həmin Qanunun 8.2-ci maddəsində, 11.1-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;

2.5. həmin Qanunun 14.3-cü, 14.4-cü (birinci halda), 14.5.3-cü və 16.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı dövlət orqanları həyata keçirirlər:

2.5.1. həmin Qanunun 14.1.1-ci maddəsində göstərilən şəxslərə münasibətdə – təhqiqat orqanları, ibtidai istintaq orqanları və ya həmin orqanların müraciəti ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

2.5.2. həmin Qanunun 14.1.2-ci, 14.1.3-cü və 14.2-ci maddələrində göstərilən şəxslərə münasibətdə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.