İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 avqust tarixli 1120 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki:

2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən siyahıda göstərilmiş dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin (bundan sonra – dövlət müəssisələri) idarə olunması ilə bağlı Azərbaycan İnvestisiya Holdinqinin (bundan sonra – AİH) Nizamnaməsində nəzərdə tutulmuş səlahiyyətlər, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, həmin dövlət müəssisələri idarəetməyə verildiyi gündən AİH-ə keçir.

2.2. AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri aşağıdakı mənbələrdən maliyyələşdirilir:

2.2.1. ilk 3 il ərzində (AİH-in nizamnamə fonduna ayrılmış vəsait nəzərə alınmaqla) dövlət büdcəsinin vəsaiti hesabına;

2.2.2. idarəetməsinə verilmiş dövlət müəssisələrinin illik xalis mənfəətinin 20 faizinin AİH-ə ödənilməsi hesabına;

2.2.3. qanunla qadağan olunmayan digər mənbələrdən.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

4.1. bu Fərmanın 2.2.1-ci yarımbəndinə uyğun olaraq maliyyələşməni təmin etsin;

4.2. AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi üçün tələb olunan vəsaiti bu Fərmanın 2.2.1-ci yarımbəndinə uyğun olaraq növbəti illərin dövlət büdcəsi layihələrində nəzərdə tutsun;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən siyahıda göstərilmiş dövlət müəssisələri idarəetməyə verilənədək mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqi və idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində AİH-ə təqdim etsinlər.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.