İlham Əliyev Gürcüstanın DTX rəisini qəbul edib

147020926573561721_1000x669Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vaxtanq Qomelaurini qəbul edib.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vaxtanq Qomelaurinin rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 2-də Azərbaycana səfərə gəlib.

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətində nümayəndə heyəti ilə geniş tərkibdə ikitərəfli görüş keçirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi naminə həyata keçirdiyi misilsiz fəaliyyəti, onun siyasi xəttinin layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə dövlət quruculuğu və hüquq mühafizə sahəsində uğurla aparılan islahatlar, sosial-iqtisadi inkişaf, habelə mühüm beynəlxalq layihələrin həyata keçirilməsi və bu yöndə başlıca şərt olan sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə görülən tədbirlər barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, Azərbaycan prezidenti İlham Əliyevin və Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin ümumi səyləri nəticəsində ölkələrimiz arasında yüksələn xətlə inkişaf edən sıx dostluq münasibətləri dövlətlərimizin təhlükəsizliyinin təmin olunması istiqamətində əlaqələrin gücləndirilməsinə də xidmət edir.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vaxtanq Qomelauri dövlətlərimizin başçılarının dost və qardaş xalqlarımızın tərəqqisi naminə həyata keçirdikləri uğurlu sabitlik, təhlükəsizlik və inkişaf siyasətinə əlverişli şəraitin yaradılması üçün ümumi təhdidlərə qarşı mübarizədə ölkələrimizin aidiyyəti orqanlarının ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin xüsusi önəm daşıdığını bildirib. Qonaq bu səfərin dövlətlərimiz, eləcə də müvafiq strukturlar arasındakı tərəfdaşlıq münasibətlərinin daha da yüksəldilməsinə töhfəsini verəcəyinə əminliyini qeyd edib

Görüşdə təhlükəsizlik məsələlərinə dair qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri, o cümlədən bu sahədə fəaliyyətin səmərəli təşkili üzrə təcrübə və məlumat mübadiləsinin intensivləşdirilməsi barədə müzakirələr aparılıb.

Sonda Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti və Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.