“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb

Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Bizim beynəlxalq nüfuzumuz artır. Mən bunu dəfələrlə qeyd edirəm və bu, sadəcə olaraq sözdə deyil. Beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi əks etdirən bir çox qərar və qətnamələri olub. İkitərəfli sazişlərimizdə bu məsələ bizim mövqeyimizi əks etdirərək öz həllini tapıb. Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədinin imzalanması çox əlamətdar hadisə idi. Bu sənəddə göstərilir ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı dəstəklənir. NATO-nun Zirvə görüşündə ərazi bütövlüyümüzlə bağlı çox önəmli məsələ öz əksini tapıbdır. İkitərəfli imzalanmış sənədlərdə daim bizim mövqeyimiz öz əksini tapır.

Yenicag.az xəbər verir ki, “İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 91-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki nitqində söyləyib.

Akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2018-ci ilin noyabr ayından 2019-cu ilin yanvar ayınadək olan dövrü əhatə edir.

Çoxcildliyin 91-ci kitabında Prezident İlham Əliyevin Belarus və Türkmənistan respublikalarına, Rusiya Federasiyasına rəsmi və işgüzar səfərləri çərçivəsində keçirdiyi görüşlər, habelə imzalanan sənədlər haqqında informasiyalar, dövlət başçılarının mətbuata birgə bəyanatlarının mətnləri yer alıb. Nəşrdə, həmçinin Azərbaycan Prezidentinin Türkiyə, Rusiya, İran, ABŞ və digər dövlətlərin, NATO-nun yüksəkvəzifəli nümayəndələrini qəbul etməsinə dair informasiyalar verilib. Dövlətimizin başçısı bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.

Oxucu bu kitabda Azərbaycan Prezidentinin paytaxtımızda iqtisadi, sosial, mədəni infrastruktur obyektlərinin açılış mərasimlərində iştirakına, XXIV Azərbaycan Beynəlxalq telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgisi – “BakuTel-2018” ilə tanışlığına dair materiallarla, “Rossiya-24” televiziya kanalına müsahibələrinin mətnləri ilə də tanış ola bilər.

Nəşrdə dövlətimizin başçısının Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə respublikanın ədliyyə işçilərinə və hakimlərə, Azərbaycan müəllimlərinin XV qurultayının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V qurultayının iştirakçılarına məktubları, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına, Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbriklərinin mətnləri və digər məktublar toplanıb.

Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.

“Azərnəşr” tərəfindən buraxılan 91-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

COP29