İlham Əliyev: “İslahatlara alternativ yoxdur”

“İndiki dövrü mən şərti olaraq postneft dövrü adlandırardım. Ona görə yox ki, bizim neftimiz tükənir, əksinə, bizim ehtiyatlarımız kifayət qədər yüksəkdir, o cümlədən qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrə bərabərdir. Yeni kontraktlar imzalanıb, kəşfiyyat işləri aparılır və neft-qaz sektorumuz bundan sonra da ölkəmizin həyatında önəmli rol oynayacaq. Ona görə mən indiki dövrü postneft-qaz dövrü adlandırıram ki, bizim siyasətimizdə bu sahə kənara qoyulmalıdır. Bu sahədə nə lazım idisə gördük, həm Bakı-Tbilisi-Ceyhan neft, həm Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Cənub Qaz Dəhlizi tarixi layihələrdir. Bunları biz görmüşük. İndi bu layihələrin faydasını biz və gələcək nəsillər görəcəklər. Ancaq biz iqtisadi inkişafımızı qeyri-neft sektoru üzərində qurmalıyıq və burada əlbəttə ki, aparıcı rol İqtisadiyyat Nazirliyinin üzərinə düşür. Əminəm ki, İqtisadiyyat naziri kimi siz bu tapşırıqları yerinə yetirəcəksiniz”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edən zaman deyib.

Dövlət başçısı bildirib ki, bizim iqtisadiyyatımız dayanıqlı olmalıdır: “İndiki iqtisadi artım templəri məni qane etmir. Düzdür, bunun obyektiv səbəbləri var. Hazırda neftin hasilatının bir qədər aşağı düşməsi nəticəsində ümumi daxili məhsulda müəyyən dərəcədə yavaşıma var. Ancaq doqquz ayda ümumi daxili məhsul 2,5 faiz artıb, amma qeyri-neft sektorunda 3,5 faiz. Hesab edirəm ki, bu, pis göstərici deyil. Ancaq bizi qane etmir. Düzdür, kənd təsərrüfatı 7 faizdən çox, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Bu, çox müsbət hallardır. Ancaq biz elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün bundan sonra da çox ciddi islahatlar aparılmalıdır”.

Prezident vurğulayıb ki, islahatlara alternativ yoxdur: “Mən yeni iqtisadi model haqqında öz andiçmə mərasimimdə fikirlərimi ifadə etmişəm. Əsas konturlar o vaxt müəyyən olunub. Ondan sonra aparılan islahatlar, o cümlədən kadr islahatları bu məqsədi güdür. Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər”.

COP29