İlham Əliyev Laçında görülən işlərlə tanış oldu – YENİLƏNDİ 5

Avqustun 25-də Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməli qoyulub.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Ən müasir səviyyədə inşa olunacaq mehmanxanada rayona səfərə gələnlərin rahatlığı üçün hər cür şərait yaradılacaq. Mehmanxana kompleksi 100 otaqlı hotel binasından və 10 kottecdən, eləcə də kafe və restoranlardan, əyləncə və istirahət mərkəzlərindən ibarət olacaq. Hotel binasında 500 yerlik çoxfunksiyalı tədbir və iclas zalları da qonaqların istifadəsinə veriləcək.

Eyni zamanda, mehmanxanada açıq və qapalı hovuz, SPA mərkəzi, boulinq və əyləncə, uşaq əyləncə zonası, qapalı idman zalı, yoqa otağı və açıq havada çoxfunksiyalı meydançalar yaradılacaq. Bir sözlə, yüksək xidmətlərin göstəriləcəyi mehmanxana kompleksi müasir standartlar səviyyəsində inşa olunacaq.

Sonra Prezident İlham Əliyev kompleksin təməlini qoyub.

***

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, prefabrik modul evlərin istehsalı müəssisəsinin və xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyəti ilə tanış olublar.

Yenicag.az xəbər verir ki, “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Bildirilib ki, bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Bu işlərdən biri də Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabrikidir. Müəssisədə yataq və qonaq otaqları dəstlərinin, qapıların və digər mebel məhsullarının istehsalı nəzərdə tutulub. Fabrikin illik istehsal gücü 3 min kubmetrdir. Burada Avropa ölkələrinin, Türkiyə və Çinin istehsalı olan avadanlıqlardan, Türkiyə və Rusiyadan alınan xammaldan istifadə olunacaq. İstehsal sahələrində ümumilikdə 100 nəfərin işlə təmin olunması nəzərdə tutulub.

Prezident İlham Əliyev mebel fabrikini işə salıb.

Prefabrik modul evlərin istehsalı müəssisəsi ilə tanışlıq zamanı məlumat verildi ki, burada ildə 200 ev hazırlanacaq. Prefabrik evlərə qonaq, mətbəx, yataq otaqları və sanitar qovşaq daxildir. Bu evlərin daş evlərdən üstünlüyü ondan ibarətdir ki, onlar zəlzələyə davamlı və yüksək dayanıqlılıqla yanaşı, ekoloji cəhətdən təmizdir. Həmçinin uzunömürlü və yanğına davamlı olan bu evlərin digər bir üstünlüyü isə qiymətinin daha sərfəli olmasıdır. Bu müəssisədə də 100 nəfər daimi işlə təmin olunub.

Xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinə baxış zamanı qeyd olundu ki, burada qoyun kəsimi üçün beş, inək kəsimi üçün üç modul tipli avadanlıq quraşdırılıb. Müəssisənin illik istehsal gücü 17 min baş heyvan kəsiminə imkan verir. İstehsal sahəsində kəsim, içalat təmizləmə, soyutma otağı, kiçik hissələrə ayırma, paketləmə konteynerləri yerləşdirilib. Bu müəssisədə 30 nəfər işlə təmin olunacaq.

***20:26

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə tanış olub.

Yenicag.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına aparılan işlər barədə məlumat verib.

Bildirilib ki, inşası sürətlə davam etdirilən 75,8 kilometr uzunluğunda yeni yol mövcud yoldan 32 kilometr qısa olacaq. I və II texniki dərəcəli bu yol ikizolaqlı və dördzolaqlı olmaqla inşa edilir. Yeni yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir.

Dövlət başçısına yol üzərində inşa olunacaq T-9 tuneli barədə də məlumat verilib. Qeyd edilib ki, tunelin uzunluğu 224 metrdir. İkizolaqlı tunelin eni 10,6 metrdir.

***

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

Yenicag.az xəbər verir ki, “AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev dövlət başçısına və birinci xanıma hava limanında görülən işlər barədə məlumat verib.

Bildirilib ki, təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2025-ci ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq. Hava limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq.

Laçın dağlıq bölgə olduğuna görə ərazinin hamarlanması işləri davam etdirilir. Hazırda uçuş-enmə zolağının, yönəldici yolların, perronun tikiləcəyi ərazilərdə genişmiqyaslı torpaq işləri həyata keçirilir. Aeroportun beynəlxalq standartlara uyğun layihələndirilən terminal binasının sahəsi 5 min kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək. Terminal binasında bünövrənin beton işləri tam başa çatdırılıb, metal konstruksiyaların yığılması üzrə işlərin 95 faizi yerinə yetirilib. Terminalın dam örtüyü işlərinə başlanılıb. Hava limanının aeronaviqasiya qülləsi və köməkçi binalarında təməlqoyma işləri görülür.

Qeyd edilib ki, Laçın Beynəlxalq Hava Limanında yaradılacaq şərait ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.

Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.

Qeyd edək ki, Laçın Beynəlxalq Hava Limanı Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərdə yol-nəqliyyat strategiyasının vacib elementlərindən birini təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Laçın rayonuna səfər ediblər.

Yenicag.az xəbər verir ki, dövlətimizin başçısı Laçın rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib.

“AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib.

Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq tam yenidən qurulub. Hazırda “Ağbulaq” Su Elektrik Stansiyasında artıq son tamamlama işləri aparılır. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarında isə işlər başa çatdırılıb.

Qeyd olunub ki, “Mişni” Kiçik Su Elektrik Stansiyasının yenidən qurulması layihəsi çərçivəsində baş suqəbuledici qurğu, 7,2 kilometr uzunluğunda derivasiya boru xətti və maşın zalı yenidən qurulub. Stansiyada Avropa istehsalı olan yaşıl sertifikatlı iki müasir eko-turbin, generatorlar, idarəetmə və avtomatika panelləri quraşdırılıb. Stansiyanın enerjisistemə inteqrasiyası üçün 25 meqavoltamper gücündə 110/10 kV-luq yarımstansiya tikilib, 18 kilometr uzunluğunda 110 kV-luq elektrik verilişi və optik kabel xətləri çəkilib. Bu yarımstansiya “Mişni” stansiyası ilə yanaşı, “Alxaslı” stansiyasında istehsal edilən elektrik enerjisinin ölkə enerjisisteminə ötürülməsi üçün qovşaq funksiyasını daşıyır. Enerjisistemə tam inteqrasiya edilməklə məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulmuş “Mişni” Kiçik Su Elektrik Stansiyasında il ərzində 23 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunacaq.

Bildirilib ki, “Alxaslı” Kiçik Su Elektrik Stansiyasının yenidən qurulması layihəsi çərçivəsində baş suqəbuledici qurğu, 4,3 kilometr uzunluğunda derivasiya boru xətti, maşın zalı yenidən qurulub. Stansiyada Avropa istehsalı olan yaşıl sertifikatlı iki müasir eko-turbin, generatorlar, idarəetmə və avtomatika panelləri quraşdırılıb. Stansiyanın enerjisistemə inteqrasiyası üçün “Mişni” Su Elektrik Stansiyasında tikilmiş 110/10 kV-luq yarımstansiyaya 8 kilometr uzunluğunda 10 kV-luq elektrik verilişi və optik kabel xətləri çəkilib. Enerjisistemə tam inteqrasiya edilməklə məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulmuş “Alxaslı” Su Elektrik Stansiyasında il ərzində 17 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunacaq.

Dövlətimizin başçısı “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarını işə salıb.

Qeyd edilib ki, “Ağbulaq”, “Alxaslı” və “Mişni” stansiyaları ilə yanaşı, bu günədək Laçın rayonunda ümumi gücü 40,5 MVt, illik enerji istehsalı potensialı 120 milyon kilovat-saat olan 5 kiçik su elektrik stansiyası yenidən qurularaq istismara verilib. Hazırda 4 stansiyanın yenidən qurulması üzrə işlər davam etdirilir. Gələn ilin birinci rübündə artıq Laçın rayonunda ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsal potensialı 194 milyon kilovat-saat olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək.

Bildirilib ki, su elektrik stansiyalarında ekoloji normalar tam qorunur. Bütün layihələr icra edilərkən çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması və onların çay ekosistemində saxlanılması məqsədilə xüsusi balıqkeçirici qurğular tikilib. Avropanın yaşıl sertifikatlı avadanlıqlarından istifadə etməklə çay ekosistemi, o cümlədən flora və fauna tam qorunur, çayların məcralarında ekoloji axımdan iki dəfə artıq miqdarda su saxlanılmaqla, aşağı axım zonasının su təminatı, eyni zamanda, məcraaltı su ehtiyatının formalaşması təmin edilib. Bununla yanaşı, bu işlər görülərkən meşələrin qırılmasına, qayaların dağıdılmasına yol verilməyib, çay məcralarında hidromorfoloji dəyişikliklər edilməyib. Derivasiya boru xətləri çəkilən zaman beynəlxalq təcrübəyə uyğun xüsusi konstruksiyalardan istifadə edilməklə ətraf mühitə təsirlər minimallaşdırılıb. Su elektrik stansiyalarının karbon emissiyasının azaldılmasında rolunu təsdiqləmək üçün beynəlxalq sertifikat əldə edilməsi istiqamətində iş aparılır.

Bu layihələrin sosial-iqtisadi əhəmiyyəti barədə məlumat verilərkən qeyd olundu ki, işğaldan azad edilən ərazilərdə 2021-2023-cü illərdə “AzərEnerji” ASC-nin icra etdiyi layihələr üzrə 3965 işçinin 2570-i yerli sakinlər olub. Daimi iş yerləri ilə təmin edilmiş 197 nəfərin 170-ni Qarabağ və Şərqi Zəngəzur regionundan olan əhali təşkil edir. “AzərEnerji” ASC yerli sakinlərin işlə təminatı üçün tikinti-quraşdırma işlərinə paralel olaraq peşə hazırlığı kursları da təşkil edir. Bu təşəbbüs regionda yeni energetika obyektlərinin tikintisi və istismarında yerli sakinlərin məşğulluğu üçün gələcəkdə də davam etdiriləcək. Bütün elektroenergetika obyektlərində çalışan işçilərin məişət şəraitinin yaxşılaşdırılması üçün mühəndis-yataqxana kompleksləri yaradılıb.

***16:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 25-də Laçın rayonuna səfər ediblər.

Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyev “AzərEnerji” ASC-nin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib.

Dövlətimizin başçısı və Birinci vitse-prezident Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.
Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində həyata keçirilən işlərlə tanış olub.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməlqoyma mərasimində, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, prefabrik modul evlərin istehsalı müəssisəsinin və xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyəti ilə tanış olub, “Hocazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra və “Həkəri Balıq Təsərrüfatı”nın açılışlarında iştirak ediblər.