İlham Əliyev Malayziyanın Ali Başçısını və qırğızıstanlı həmkarını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malayziyanın XVI Ali Başçısı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha təbrik məktubu ünvanlayıb.

Yenicag.az xəbər verir ki, mətndə deyilir:

“Əlahəzrət,

Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Azərbaycan-Malayziya əlaqələrinin hazırkı səviyyəsi məmnunluq doğurur. Əminəm ki, dövlətlərarası münasibətlərimizin daim inkişafı, ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, beynəlxalq təşkilatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Malayziyaya daim firavanlıq diləyirəm”.

*

Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Zati-aliləri cənab Sadır Japarova da təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

“Hörmətli Sadır Nurqojoeviç,

Qardaş Qırğız Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

Ortaq tarixi köklərə və milli-mənəvi dəyərlərə bağlı olan dostluq əlaqələrimizin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın bugünkü səviyyəsi məmnunluq doğurur.

Əminəm ki, qardaş xalqlarımızın iradəsindən qaynaqlanan dövlətlərarası münasibətlərimiz bundan sonra da qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edərək birgə fəaliyyətimiz üçün möhkəm zəmin olacaqdır.

Belə bir əlamətdar gündə Sizi bir daha ürəkdən təbrik edir, qardaş Qırğız Respublikasına daim firavanlıq və əmin-amanlıq diləyirəm”.