İlham Əliyev memarlara müraciət etdi

Azərbaycan prezidenti İlham Əliyev memarların XIX qurultayının iştirakçılarına müraciət edib.

Yenicag.az xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli qurultay iştirakçıları!

Sizi Azərbaycan memarlarının XIX qurultayının öz işinə başlaması münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı və gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Özünəməxsus inkişaf yolu keçmiş çoxəsrlik Azərbaycan memarlığı xalqımızın mədəniyyət salnaməsini bəzəyən və qədim Şərq memarlığının mühüm nailiyyətlərini özündə əks etdirən möhtəşəm abidələrlə zəngindir. Ənənəvi memarlığın başlıca prinsiplərinə sadiq istedadlı sənətkarlarımız bu əsərləri yaradarkən təbiətlə ahəngdarlığın qorunmasını həmişə diqqətdə saxlamışlar.

Milli sərvətimiz İçərişəhər ölkəmizin ərazisində yüzillər bundan əvvəlki şəhərsalma sənətinin parlaq təzahürüdür. Burada ucaldılmış və müasirlik ruhunu indiyədək qoruyub saxlamış Qız qalası doğma Bakının qədim rəmzlərindəndir. Orta əsr şəhər mədəniyyətini təcəssüm etdirən Şirvanşahlar sarayı kompleksi mühəndis-memarlıq həllinin kamilliyinə görə bu gün də heyranlıq doğurur. Fəxr edirik ki, dünya memarlığı xəzinəsində memarlıq sənətimizin qiymətli nümunələri vardır.

Bizim memarlıq irsimiz öz tarixinin bütün mərhələlərində ardıcıl uğurlu yaradıcılıq axtarışlarının nəticəsi olaraq və milli memarlıq baxımından düzgün həllini tapmış sənət inciləri ilə davamlı surətdə zənginləşmişdir. Qədimliklə müasirliyi özündə birləşdirən Bakıda Avropa və Şərq memarlığının sintezi əsasında ucaldılmış yaraşıqlı binalar sırasına daimi yeniləşmə rəmzi kimi modern üslublu nadir memarlıq abidələrinin əlavə edilməsi təkrarsız görkəmə malik paytaxtımızın panoramını daha da dolğunlaşdırır.

Müstəqillik illərindəki çoxsaylı möhtəşəm tikililər sayəsində regionlarımızın memarlıq mənzərəsi dəyişərək yeni şəkil almışdır. Memarlarımız böyük quruculuq yolunda inamla irəliləyən Azərbaycanın inkişafına töhfələr vermiş, şəhər və qəsəbələrimizin mənzərəsini ildən-ilə daha da gözəlləşdirən, küçə və meydanlarımızı bəzəyən dəyərli əsərlər meydana gətirmişlər. Onlar bu gün də yeni yaradıcılıq uğurları ilə yanaşı, tarixi-mədəni irsimizin bərpası və gələcək nəsillər üçün qorunub saxlanılmasında bilik, qüvvə və bacarıqlarını əsirgəmirlər.

İnanıram ki, qurultayınızda şəhərlərimizin memarlıq görkəminin milli özünəməxsusluğu, tariximizə və mədəniyyətimizə uyğunluğu barədə səmərəli fikir mübadiləsi və müzakirələr aparılacaq, ölkə memarlığının gələcək inkişafı ilə bağlı əhəmiyyətli qərarlar qəbul olunacaqdır”.