Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev Bakıda gözdən əlil insanlar üçün inşa olunmuş yeni yaşayış binasının açılışında iştirak edib.
Prezident gözdən əlilllərə mənzillərin açarlarını təqdim edərkən qısa çıxış edib.
O bildirib ki, ünvanlı sosial yardıma möhtac olan insanların problemləri daim diqqət mərkəzindədir: “Məqsəd odur ki, ehtiyacı olan insanların problemləri həll edilsin, ədalət tam şəkildə təmin edilsin. Əvvəlki illərdə bəzi hallarda əlil olan insan gərək hər il gəlib sübut etməli idi ki, o əlildir. İndi aparılan islahatlar bu vəziyyəti köklü şəkildə dəyişir. Bununla bərabər bəzi hallarda əlil olmayan insanlar əlillik dərəcəsini almaq üçün müxtəlif işlərlə məşğul idilər. Bu əlbəttə ki dözülməz bir haldır. Vətəndaşlar özləri məsuliyyətli olmalıdırlar. Burada dövlət məmurları da nalayiq işlərlə məşğul idilər. Ona görə də bu sahədə ciddi nəzarət olmalıdır. Qayda-qanun yaradılmalıdır. İctimai nəzarət də mütləq burada öz rolunu oynamalıdır.
Dövlət öz üzərinə düşən bütün vəzifələri icra edir, bundan sonra da edəcək. Ehtiyac içində yaşayan, ünvanlı sosial yardıma möhtac olan insanların problemləri daim diqqət mərkəzindədir. Bugünkü mərasim onu göstərir ki, biz düzgün yoldayıq. Bu yaxınlarda Prezidentin Ehtiyat Fondundan Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinə şəhid ailələri, müharibə əlilləri üçün tikintisi nəzərdə tutulan evin inşası üçün 10 milyon manat əlavə vəsait ayrılıb.
Yaxın vaxtlarda da Nazirlər Kabineti ən az bu qədər vəsait ayıracaq ki, bu işlər dayanmasın. Düzdür, indi bizim iqtisadi vəziyyətimiz əvvəlki illərdəki kimi deyil. Təbii ki, neftin qiymətinin üç dəfə aşağı düşməsi bizim gəlirlərimizə təsir edib. Büdcə xərcləri, büdcə gəlirləri azalıb. Bu təbii vəziyyətdir. Çünki dünyada gedən proseslər artıq bizə də təsir etməyə başladı və neftlə zəngin olan ölkələrin demək olar ki, əksəriyyəti eyni vəziyyətlə üzləşib. Ancaq bununla bərabər Azərbaycanda iqtsiadi sabitlik təmin edilir. Sosial məsələlər öz həllini tapır” (“Qafqazinfo”).
https://youtu.be/wNfprdJmWGk