Həyat şahmat taxtasında həlledici fiqurlarla bağlı olan ən vacib məhfum liderlikdir. Lider olmaq və proseslərin nəbzini öz barmaqları altında saxlamaq istəyi çoxlarında ola bilər. Lakin bu istəklə real lider olmaq arasında qət edilməsi əksər hallarda mümkün olmayan məsafə mövcuddur.
Özlərinin müstəsna keyfiyyətləri sayəsində bu məsafəni qət etməyi bacaranlar liderə çevrilə bilirlər. Müasir dünyamızda insanları ən çox düşündürən suallardan biri də XXI əsrin siyasi liderinin hansı keyfiyyətlərə malik olması ilə bağlıdır. Hazırkı, olduqca mürəkkəb dövrümüzün insanı liderin ümumi keyfiyyətləri, siyasi portretinin ən incə məqamları haqqında kifayət qədər təsəvvürlərə malikdir. Lakin yaxın və uzaq dünyada gedən dinamik dəyişikliklər liderin obrazının yeni əlamətləri haqqında düşünməyi tələb edir. Çünki, müasir dövrün xüsusiyyətləri klassik liderlikdən bir çox cəhətlərinə, keyfiyyətlərinə görə ciddi fərqlənən yeni liderlik institutunun formalaşmasını şərtləndirir. Düşüncə tərzinə, davranış taktikasına və digər şəxsi keyfiyyətlərinə görə fərqlənən müasir lider lokal və qlobal səviyyədə dünyanı dəyişməyi bacaran lider. Məsələyə belə yanaşmaq, təbii ki, qeyd etdiyimiz xüsusiyyətlərə malik liderlərin mövcudluğuna şübhə ilə yanaşmaq üçün müəyyən əsaslar verə bilər. Lakin, yaxın və uzaq siyasi, iqtisadi, mədəni arealda cərəyan edən proseslərin dərindən təhlili az sayda olsa da, belə liderlərin varlığını müəyyənləşdirməyə imkan verir. Həm klassik liderlik konsepsiyası, həm də müasir liderə münasibətdə irəli sürülən və ya təbii olaraq meydana çıxan tələblər prizmasından yanaşmaqla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının əsl liderin bütün cizgilərini özünün mənəvi və siyasi simasında təcəssüm etdirdiyini asanlıqla görmək olar. İlham Əliyevin siyasi portretinin ən səciyyəvi xüsusiyyəti öz ifadəsini onun patriot və qurucu lider olmasında tapır. İnsan bir qayda olaraq müəyyən həyat fəaliyyəti sahəsində ümumi məqsədlərə çatılması istiqamətində məsuliyyəti öz üzərinə götürməklə, ətrafdakıların onu lider kimi qəbul etməsini şərtləndirir. Bu baxımdan, əksər hallarda liderlik konkret fəaliyyət sahəsinin çərçivəsinə sığdırılmaqla onun miqyasının hüdudları göstərilir. İlham Əliyevin liderliyinin miqyasının sərhədlərini isə müəyyənləşdirmək qeyri-mümkündür. İlham Əliyev dünyadakı çox nadir liderlərdəndir ki, onun siyasi portreti çərçivəsinə mənəvi, siyasi, hərbi lider obrazlarını yerləşdirmək mümkündür. Bu, ondan xəbər verir ki, İlham Əliyevin hərtərəfli potensialı ona həyat fəaliyyətinin bütün sahələrində məsuliyyəti öz üzərinə götürmək imkanı verir. O, bütövlükdə dövlətin məsuliyyətini daşıyır və qlobal məsələlərlə bağlı ciddi təsir imkanlarının mövcudluğunu ortaya qoyur. Müasir dünya dövlətlərinin böyük əksəriyyətinin təcrübəsi göstərir ki, ölkə rəhbəri olmaq hələ lider olmaq demək deyildir. Çünki, bir çox hallarda dövlət başçısı öz ölkəsinin məsuliyyətini ya ümumiyyətlə daşıya bilmir, ya da qismən daşıya bilir. Belə siyasi subyektlərin qlobal proseslərə təsir imkanlarından isə ümumiyyətlə, danışmaq üçün əsas olmur. Qloballaşmanın insanın həyat fəaliyyətinin bütün sahələrinə sürətlə nüfuz etdiyi və dünya xalqlarının və dövlətlərinin qarşılıqlı asılılığının gücləndiyi hazırkı dövrümüzdə siyasi liderin keyfiyyətini ifadə edən əsas məqam onun həm öz dövlətnin məsuliyyətini tam daşımaq, həm də qlobal məsələlərdə fəallıq nümayiş etdirmək bacarığı ilə bağlıdır. İlham Əliyev heç bir halda dövlətinin milli maraqları məsələsində güzəştə getməməklə, ölkəsinin məsuliyyətinin mahiyyətini dəqiqliklə dərk etdiyini və bu məsuliyyəti ləyaqətlə daşımağı özünün həyat kredosu kimi müəyyənləşdirdiyini sübut edir. Siyasi lider kimi İlham Əliyevin siyasi portretinin ən qabarıq və vacib cizgilərindən biri də ondan ibarətdir ki, o, özünün bütün istiqamətlərdəki fəaliyyətində sistemliliyi gözləyir. Bu, İlham Əliyevi digər xalqların liderlərindən fərqləndirən əsas cəhətlərdəndir. Azərbaycan Respublikasında qarşıda duran ümummilli məqsədlərə səmərəli çatılmasını şərtləndirən də məhz ölkə rəhbərinin bu keyfiyyətidir. Məqsədlərin və mövcud problemlərin dəqiqliklə müəyyənləşdirilməsi, düzgün yanaşma tərzinin sərgilənməsi və işlək mexanizmlərin tətbiq olunması İlham Əliyevin dövlət başçısı və siyasi lider kimi fəaliyyətinin əsas prinsipləridir.
Ümumiyyətlə, İlham Əliyevin liderlik keyfiyyətlərini təhlil edərkən, liderlik institunun formalaşmasına tamam fərqli baxışın ortaya qoyulmasının yəni, mövcud stereotiplərdən kənara çıxılmasının zəruriliyini asanlqla müəyyənləşdirmək mümkündür. Belə ki, insanın müəyyən amillərin təsiri altında və şəraitdə xüsusi keyfiyyətlər qazanaraq liderə çevrildiyini əsaslandıran mövqe böyük əksəriyyət tərəfindən dəstəklənir. Lakin tarixdə elə azsaylı liderlər olur ki, onların malik olduqları keyfiyyətləri hər hansı bir amil və ya mühit formalaşdırmaq gücündə olmur. Belə liderlərin malik olduqları keyfiyyətlər təbiətdən gəlir. Məsələn, iki əsrin dahisi olan Heydər Əliyevin malik olduğu liderlik keyfiyyətlərinin sonradan qazanılması qeyri-mümkündür. Heydər Əliyev lider kimi doğulmuşdur və onun unikal liderlik keyfiyyətləri İlham Əliyevə irsən keçmişdir. Bu məqamdan çıxış edərək “dahi lider” və “lider” məhfumları arasındakı sərhədləri müəyyənləşdirməyə cəhd etmək olar. Belə ki, müəyyən amillərin təsiri altında lider olmaq mümkündür. Dahi lider isə, ancaq doğula bilər. İlham Əliyev lider kimi doğularaq, liderlik keyfiyyətlərini müasir dövrün reallıqları çərçivəsində mükəmməlliyin zirvəsinə yüksəldərək yeni lider obrazını yaratmışdır. Beləliklə, biz, uzun illər tədqiqatçıları düşündürən “lider doğulur, yoxa sonradan formalaşır” sualına cavab tapmış oluruq. Lider həm doğulur, həm də sonradan formalaşır. Sadəcə olaraq, lider kimi doğulanlar həm də dahilik zirvəsinə çata bilirlər.
İlham Əliyev ətrafda gedən dəyişikliklərə diqqətlə yanaşaraq adekvat reaksiya göstərməyi bacarır. Yaranacaq istənilən vəziyyətə uyğun onun davranış strategiyası mövcuddur. O, cərəyan edən proseslərin xarakterindən çıxış edərək eyni keyfiyyətlə həm preventiv, həm situativ davranmağı bacarır ki, bu keyfiyyət də müasir liderlərdə çox nadir hallarda müşahidə olunur. İlham Əliyevi müsir liderlərin böyük əksəriyyətindən fərqləndirən əsas cəhətlərindən biri də odur ki, o, tam müstəqil və qətiyyətlidir. O, maneələrə və təsirlərə baxmayaraq həmişə inamla, qətiyyətlə hədəfinə doğru gedir. Bu hədəf Azərbaycan xalqının və dövlətinin milli maraqlarının ən yüksək səviyyədə qorunmasından, ümumi məqsədlərə çatılmasından ibarətdir. İlham Əliyevi müasir harizmatik lider kimi səciyyələndirməyə imkan verən mühüm keyfiyyətlərindən biri də ondan ibarətdir ki, o, ümumi məqsədlərə çatılması istiqamətində cəmiyyət üzvlərini səfərbər edə bilir və bunun üçün stimullaşdırma mexanizmlərini düzgün müəyyənləşdirərək uğurla tətbiq edir. İlham Əliyev dövlət başçısı və siyasi lider kimi mövcud streotipləri sındıraraq sübut etmişdir ki, həyat fəaliyyətinin heç bir sahəsində çıxılmaz vəziyyət olmur. Hər bir mürəkkəb vəziyyətdən, çətinlikdən bir çıxış yolu vardır. Belə vəziyyətlərdə ən optiaml çıxış yolunu müəyyənləşdirə bilmək bacarığı kimi nadir keyfiyyətə malik olan İlham Əliyev bütün məsələlərdə Azərbaycan xalqının ona sarsılmaz etimadını və inamını qazanmışdır.
Qeyd etdiyimiz kimi, müasir dövrdə əsl lider öz ölkəsi ilə yanaşı, dünyanı da dəyişməyi bacarır. İlham Əliyev prezidentliyi dövründə Azərbaycanın simasını tamamilə dəyişdi. Bu gün dünya Azərbaycanı tam yeni obrazda qəbul etməkdədir. O, öz ardıcıl, məqsədyönlü və sistemli fəaliyyəti ilə sübut etdi ki, Azərbaycan demokratik ideallara sadiq, dünyanın bütün ölkələri ilə konstruktiv əməkdaşlığa açıq ölkədir. İlham Əliyev dünyada cərəyan edən proseslərdə ciddi fəallıq nümayiş etdirərək Azərbaycanı bu proseslərin təsirli iştirakçısına çevirmişdir. Təsadüfi deyildir ki, bu gün Avropanın enerji təhlükəsizliyi problemindən bəhs edilərkən ilk yada düşən məhz Azərbaycan Respublikası olur. Regionda həyata keçirilən nəhəng enerji layihələrinin əsas iştirakçısı olmaqla Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin əvəzolunmaz subyektinə çevrilmişdir. Bu prosesdə liderin həlledici rolu danılmazdır. Belə ki, bütün beynəlxalq əməkdaşlıq sahələrində Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması İlham Əliyevin qətiyyəti, çevik davranışları, müdrik siyasi manevr etmə qabiliyyəti sayəsində mümkün olmuşdur. Son dövrlərdə Azərbaycan ən mötəbər beynəlxalq tədbirlərə nəinki uğurlu ev sahibliyi etmişdir, həmçinin, belə tədbirlərin ən yüksək səviyyədə və təhlükəsizlik şəraitində həyata keçirilməsinin yeni standartlarını yaratmışdır. Məsələn, Birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil edərək İlham Əliyev bir neçə hədəfi birdən vurmuşdur. Hər şeydən öncə, beynəlxalq ictimai şüurda Azərbaycan dövlətinin pozitiv imici daha da möhkəmləndirilmiş oldu. Oyunların keçirildiyi ərəfədə Azərbaycana səfər edən çoxsaylı xarici qonaqlar burada demokratikləşmənin, azadlığın və tolerantlığın yüksək səviyyəsini öz gözləri ilə gördülər. Bundan başqa Birinci Avropa Oyunlarının uğurlu təşkili ölkəmizə olan beynəlxalq etimadı əhəmiyyətli dərəcədə artırmışdır. Qeyd etdiyimiz bu məqamlar Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın nitqində də xüsusi vurğulanmışdır. Belə ki, Tomas Bax çıxışı zamanı demişdir: “Cənab Prezident, mən səmimi qəlbdən təbriklərimi Sizə çatdırmaq istəyirəm. Mən bu təbriklərlə Sizin ölkənizdə idmanın, təhsilin, təbii ki, Azərbaycan cəmiyyətinin inkişafına göstərdiyiniz diqqət və qayğını, verdiyiniz töhfələri təqdir edirəm. Zənnimcə, burada bütün tərəflər uğur qazanır. İdmana yatırılan sərmayə, sadəcə, infrastrukturun yaradılması ilə kifayətlənmir. Bu sərmayə, təbii ki, təhsilin də inkişafında mühüm rol oynayır. Sizin gördüyünüz işlər, töhfələriniz bütünlüklə cəmiyyətin inkişafına, təhsil sisteminin daha da təkmilləşməsinə, daha səmərəli olmasına müsbət təsir göstərməklə yanaşı, idmançıların beynəlxalq yarışlarda uğur qazanmalarına və dünya səviyyəsində Azərbaycanın imicinin möhkəmlənməsinə səbəb olur. Bütün bunların nəticəsidir ki, Azərbaycan idmançıları beynəlxalq yarışlarda çoxlu sayda medallar qazanırlar”. Birinci Avropa Oyunlarının təşkilindən sonra beynəlxalq ictimaiyyətdə qəti olaraq belə təsəvvür formalaşdı ki, Azərbaycan istənilən xarakterli və miqyaslı tədbiri ən yüksək tələblərə cavab verəcək səviyyədə həyata keçirməyə qadirdir.
İlham Əliyev daxili və xarici müstəvidə həmişə praqmatik siyasət həyata keçirmək bacarığı və iradəsi ilə diqqəti cəlb edir. O, hələ bir neçə il öncə qeyd etmişdir ki, Azərbaycan xalqının gələcəyi yalnız neft gəlirlərindən və zəngin təbii resurslardan asılı deyildir. Dövlətin və xalqın gələcək rifahını etibarlı təmin etmək üçün yüksək elm və təhsilə yiyələnmək ən vacib məsələlərdəndir. Həmçinin, ən yeni nəsil informasiya və kompüter texnologiyalarının müxtəlif fəaliyyət sahələrində geniş tətbiqi, insan kapitalının formalaşdırılması müasir inkişafın mərkəzi sütununu təşkil edir. Müvafiq olaraq İlham Əliyev ölkəmizin texnoloji asılılığının aradan qaldırılmasını, dünya iqtisadi inteqrasiya prosesində daha fəal iştirak etməyi, elmi-texniki nailiyyətlərdən daha səmərəli və geniş istifadə etməyi fəaliyyətinin prioritet istiqaməti kimi müəyyənləşdirmişdir. Müasir dünyamızda sürətlə ən məhdud “resursa” çevrilən siyasi sabitliyin Azərbaycanda etibarlı təmin olunmasını İlham Əliyevin yaradıcı və təkmilləşdirici lider kimi fəaliyyətinin ən böyük uğurlarından biri kimi qiymətləndirmək olar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müasir demokratik, patriot siyasi lider kimi ən başlıca mənəvi və idarəedicilik keyfiyyəti həm də ondan ibarətdir ki, o, ümumi rifah naminə atdığı bütün addımlarında xalqına arxalanır. Tarixi təcrübə sübut edir ki, liderinin xalqına arxalandığı və xalqı üçün yaşadığı ölkə həmişə tərəqqi edir. İlham Əliyev xalqına güvənir və xalqı üçün yaşayır.(xeberim.az)
Rufiz Qonaqov
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri, politoloq.
Elşad Mirbəşir oğlu
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru