Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək.
Yenicag.az xəbər verir ki, bunu iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində yenidənqurma və əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olduqdan sonra kursant və müəllimlər qarşısında çıxışında bildirib.
Dövlət başçısı qeyd edib: “Silahlı Qüvvələr Günü münasibətilə Sizi təbrik edir, hər birinizə uğurlar arzulayıram. Arzu edirəm ki, siz gözəl hərbçi kimi özünüzü göstərəsiniz.
Bilirsiniz ki, bu məktəbin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Onun təşəbbüsü ilə bu məktəb 1971-ci ildə yaradılmışdır. Ulu Öndər həmişə bu məktəbin fəaliyyətinə böyük diqqət göstərmişdir. Hələ o vaxt bilirdi ki, bizə milli hərbçi kadrlar lazım olacaq və belə də oldu”.
Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır: “Bizim ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı artır. Bu gün ordumuz ən yüksək səviyyədədir.
Ulu Öndərin misilsiz xidmətləri Azərbaycan xalqının qəlbində daim yaşayır. Biz onun işini davam etdiririk. Ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Müasir səviyyədə işlər görülür, hərbi texnika alınır, döyüş qabiliyyəti artır. Bir sözlə, bu gün Azərbaycan Ordusu öz gücünü göstərir və göstərməlidir.
Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Əminəm ki, bu gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək.
Bizim imkanlarımız artır, maddi vəziyyətimiz yaxşılaşır, orduya lazım olan texnika, silah-sursat alınır, gətirilir. Bir sözlə, biz bütün bu işləri ona görə edirik ki, daha güclü orduya malik olaq və öz ərazi bütövlüyümüzü bərpa edək.
Azərbaycan bu gün bütün sahələrdə uğurla inkişaf edir. Əminəm ki, bu inkişaf dayanıqlı olacaq.
Sizə – burada oxuyan kursantlara və çalışan müəllimlərə yeni uğurlar, cansağlığı arzulayıram. Vətənin qorunması işində siz həmişə fəal olmalısınız və öz gücünüzü göstərməlisiniz.
Sizi bir daha təbrik edirəm.
Bütün Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir və sizə yeni uğurlar arzulayıram. Sağ olun”.