İlham Əliyev: “Münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmalıdır”

“Münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmalıdır”.

Yeniçağ.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.

“Bu gün biz, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar məsələləri müzakirə etdik. Mən Nursultan Abişeviçə nizamlanma məsələsində indiki vəziyyət barədə məlumat verdim. Bizim mövqeyimiz indicə imzalanmış Birgə Bəyannamədə də əksini tapıb. Mən bu mövqeyə görə minnətdaram. Münaqişə beynəlxalq hüququn norma və prinsipləri, beynəlxalq təşkilatların, ilk növbədə, Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində nizamlanmalıdır. Qərar suverenlik, beynəlxalq miqyasda tanınmış sərhədlər və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qəbul olunmalıdır və nizamlanmanın bu əsas bəndləri bu gün imzalanan Bəyannamədə əks olunub. Bu, münaqişələrin nizamlanması üzrə Qazaxıstanın prinsipial mövqeyinin daha bir göstəricisidir. Münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmalıdır. Bu, həmçinin Qazaxıstanın ölkəmizə münasibətinin təcəssümüdür”.

Yeniçağ.Az

COP29