Prezident İlham Əliyev noyabrın 23-də Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib.
Yenicag.az xəbər verir ki, Şimali Atlantika Şurasının iclasında əvvəlcə NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib. Sonra o, sözü prezident İlham Əliyevə verib.
Dövlət başçısı Azərbaycan ilə NATO arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib. Ölkəmizin NATO-nun müxtəlif missiya və əməliyyatlarında fəal iştirak etdiyini vurğulayan prezident İlham Əliyev NATO-nun, öz növbəsində, Azərbaycanda ərazilərin minalardan təmizlənməsi işində fəal iştirak etdiyini bildirib. Qeyd olunub ki, Azərbaycan Əfqanıstandakı sülhməramlı fəaliyyətini genişləndirir və bu ölkə ilə ikitərəfli səviyyədə iqtisadi və digər sahələrdə əməkdaşlığı həyata keçirir.
Prezident İlham Əliyev Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunub, əməkdaşlığın uğurla inkişaf etdiyini və onun müxtəlif sahələri əhatə etdiyini bildirib.
Azərbaycanda demokratik inkişaf məsələlərindən danışan prezident İlham Əliyev ölkəmizdə azad internet, söz, toplaşma və digər azadlıqların təmin edildiyini vurğulayıb. Ölkəmizdə iqtisadi inkişaf məsələləri və bu sahədə həyata keçirilən genişmiqyaslı islahatlar barədə danışan dövlət başçısı qeyd edib ki, 2000-ci ildən bəri Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə, həmçinin işsizlik səviyyəsi 5 faizə düşüb, xarici borcumuz ümum daxili məhsula nisbətən 20 faizdən də aşağı səviyyədədir.
Prezident İlham Əliyev Azərbaycanın dünyada multikulturalizm mərkəzlərindən birinə çevrildiyini, ölkəmizdə multikulturalizmin, tolerantlığın təmin olunduğunu və bununla bağlı bir sıra mühüm tədbirlərin keçirildiyini bildirdi. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdiyini, Davos Dünya İqtisadi Forumunun ölkəmizin iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünya dövlətləri arasında 37-ci yerdən 35-ci yerə layiq gördüyünü qeyd edən dövlətimizin başçısı təhsil, infrastruktur, nəqliyyat və digər sahələrdə əldə olunan uğurlardan danışdı.
Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu qeyd edib, Cənub Qaz Dəhlizi layihəsindən danışın, TANAP və TAP layihələrinin uğurla icra edildiyini bildirib və Azərbaycanın uzun illər bundan sonra da Avropanın etibarlı qaz təminatçısına çevriləcəyini deyib. Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini qeyd edən dövlət başçısı bu yolun Asiya ilə Avropa arasında ən qısa yol olduğunu deyib, Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb arasında mühüm tranzit qovşağına çevrildiyini vurğulayıb.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə geniş toxundu, Ermənistanın ölkəmizin 20 faiz torpaqlarını, o cümlədən Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal etdiyini vurğulayıb. Ermənilərin həmin ərazilərdə törətdikləri hərbi cinayətlər, Xocalı soyqırımı, günahsız insanların qətlə yetirilməsi və etnik təmizləməyə məruz qalması barədə ətraflı danışan dövlət başçısı ATƏT-in faktaraşdırıcı missiyalarının da işğal olunmuş ərazilərdə dağıntıları qeydə aldıqlarını bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsi icra edilmir və Ermənistan status-kvonu saxlamaq niyyətindədir. NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyən prezident İlham Əliyev vurğulayıbki, Avropa İttifaqının müvafiq sənədlərində də ölkəmizin ərazi bütövlüyü dəstəklənir.
Sonra bir çox ölkələrin səfirləri çıxış edib, Azərbaycanın NATO-nun missiyalarında fəal rolundan danışıblar, ölkəmizin Əfqanıstana göstərdiyi yardımı və oradakı missiyada iştirakını yüksək qiymətləndiriblər, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini qeyd edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, münaqişənin həllinin zəruriliyini bildiriblər.
Sonda dövlət başçısı NATO-dakı səfirlərin suallarını cavablandırıb.