“Bizim əməkdaşlığımızın çox yaxşı və uğurlu tarixçəsi var. İqtisadiyyatımızın şaxələndirilməsi və dayanıqlı iqtisadi inkişaf üçün zəminin yaradılması planlarını nəzərə alaraq gələcək inkişaf üçün də yaxşı perspektivlər mövcuddur”.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Maliyyə Korporasiyasının iqtisadiyyat və özəl sektorun inkişafı üzrə vitse-prezidenti Hans Piter Lankesin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.
“Neft və qaz sahəsindən asılılığın azaldılması əsas prioritetlərimizdəndir. Əlbəttə, bunu bir günün içində etmək mümkün deyil, ancaq şaxələndirmə və iqtisadiyyatın müasirləşdirilməsi bizə bu asılılığın böyük dərəcədə aradan qaldırılmasına imkan verəcək. Əlbəttə, bildiyiniz kimi, biz biznes mühitinin yaxşılaşdırılmasına mühüm önəm veririk. Fərəhləndirici haldır ki, Dünya Bankının “Doing Business” hesabatına görə, biz dünyanın 10 ən islahatçı dövləti sırasına daxil olmuşuq. Bununla bağlı nail olduğumuz sürətli inkişaf bizim bu sahəyə çox ciddi yanaşmamızın nəticəsində mümkün olub.
Bildiyiniz kimi, biz bu məqsədlə xüsusi komissiya yaratmışıq. Həmin komissiya çatışmazlıqları aradan qaldırmaq və vəziyyəti yaxşılaşdırmaq üçün hansı işlərin görülməli olduğunu ətraflı təhlil edib. “Doing Business” hesabatına görə, ümumən, 25-ci yerdə qərarlaşmaq iftixar hissi doğurur. Ancaq ən əhəmiyyətlisi odur ki, bu, biznes mühitinə və Azərbaycanın qeyri-enerji sahəsində inkişafına müsbət təsir göstərir. Gələcək prioritetlərimizə gəldikdə, hesab edirəm ki, insan kapitalı, qeyri-neft sektoru, təhsil, kənd təsərrüfatı, turizm, kiçik və orta sahibkarlığın dəstəklənməsi bizim əməkdaşlığımızın prioritetləri sırasındadır. Əminəm ki, səfəriniz çərçivəsində siz artıq bizim rəsmi şəxslərlə təmaslarınızda gələcəkdə görüləcək işlər barədə müzakirələr aparmısınız. Bir daha Azərbaycana xoş gəlmisiniz”, – dövlət başçısı vurğulayıb.