“İlham Əliyev nəyi və niyə gözlədi?”– “A-dan Z-yə Aqil Ələsgərlə” – II Sezon/IV Buraxılış – VİDEO

“A-dan Z-yə Aqil Ələsgərlə” ikinci sezonunda dördüncü buraxışı ilə görüşünüzə gəlib.

Vətən müharibəsi başlayandan bəri yaşanan zəfər sevincinə, eyni zamanda ermənilərin 30 il əvvəl bizə yaşatdıqlarını indi özlərinin yaşamasına Aqil Ələsgərin təqdimatında fərqli rakursdan baxa biləcəksiniz.

Qeyd edək ki, hər həftənin şənbə günü yayımlanan verilişdə müəllif dünyada və ölkəmizdə baş verən hadisələri, aktual mövzuları özünəməxsus şəkildə şərh edir.

Videonu təqdim edirik:

Bumeranqa çevrilən qaçqınlıq…

Bəli. Həyat bumeranqdır. Həm də çox acımasız bumeranq. Dünən biz qaçqın çadırlarında, vaqonlarda, üfunət qoxuyan yataqxanalarda zülm çəkərkən, zəfər nərələri atanlar hazırda Azərbaycan Ordusunun ayaq səslərini eşidib siçan deşiyi axtarırlar.
***
Unutsan, eyni müsibəti yenidən yaşayarsan

Şəkilə diqqətlə baxın. Şəkli paylaşan da yazıb ki, Ərsaqdan (Yəni, Qarabağdan-red.) Ermənistana gedən 9 nəfərdən ibarət ailə 15kv-lıq yerdə, yük maşınının baqajında yaşayır. Bu bizə nəyi xatırladır? 90-cı illərdə çəkdiyimiz zülmü. Bizə o zülmü yaşadanlar daha betəri ilə üz-üzədirlər. Biz buna baxıb, əsla yumşalmamalı, bizə qarşı etdikləri heç bir pisliyi unutmamalıyıq.

Çünki bu yaşananlar məhz ötən əsrin əvvəlində erməni daşnaqlarının başımıza gətirdiyi müsibətləri unutduğumuz, yaddaşımızdan məcburi silindiyi üçün gəldi. Tarixi aksiomadır: Unutsan, eyni müsibəti yenidən yaşayarsan.

***
İlham Əliyev nəyi və niyə gözlədi?

Bəli. XX əsrin əvvəlində yaşananlar bizə zorla unutduruldu. Sovetin manqurqlaşdırdıqlarına “Əzəldən qardaşdır ellərimiz… Kür-Araz-Ararat, Gözəldir bu həyat, Qardaş olub Hayastan-Azərbaycan” yazdırıb-oxutdurub, millətin qan yaddaşını sildilər, format atdılar. Qarabağa qayıdışımızın otuz il ləngiməsi həm də bu səbəbdəndir.
Evində “Qardaş olub, Hayastan – Azərbaycan” oxudanlar, erməni bəsləyənlər Qarabağı azad edə bilərdilərmi? İmkan verərdilərmi belə bir hərəkata? Əsla! Anadolu türkləri gözəl deyirlər ki, xaini içəridən olan qalanın qapısı kilid tutmaz. Məhz Ali Baş Komandan da öncə o evində hələ də Babayanları, Balayanları dinləyənləri hakimiyyətdən təmizlədi, sonra Qarabağ uğrunda müqəddəs savaşı başlatdı.

***

Şəhadətləri ilə bizə Qarabağı qaytaranlar…

Bizə Qarabağın hər qarışına nəfəsimizin yetdiyini, Şuşada, Cıdır düzündə olmağın artıq Qızıl Alma olmaqdan çıxdığını xəbər verir. Şuşa, Laçın, Xankəndi, Kəlbəcər, yaralı quzumuz Xocalı. Şəhadətləri dinimizin təməli, bizim də baş tacımız olan qəhrəman Azərbaycan əsgərinin sayəsində o torpaqların hər biri artıq nəfəsimizin yetdiyi yerdədi.
***
Bəlkə yarın, bəlkə yarından da yaxın…

Biz artıq qalib tərəfik. Həm də 30 il deyil, 300 ildən bəri, yəni Nadir şahdan bu tərəfə heç torpaq geri almamış, hər zaman itirmiş, cümhuriyyətimizin elanı üçün belə İrəvanı vermək məcburiyyətində qalmış bir xalq üçün geri alınan hər kəndin, hər məhəllənin də anlamı-önəmi böyükdür. Baxmayın, qırx gündə bu qədər ərazini azad etməyin başgicəllənməsinə düşüb, tvitbəyənməyənləri. Bu bir zəfər aclığıdır. Olduqca, daha da çoxunu istəyir. Və inanır ki, ardı mütləq olacaq. Ancaq sualsız da qalmırlar. Nə zaman?
Nə zaman olacaq, arkadaş?
Bəlkə yarın, bəlkə yarından da yaxın…