İlham Əliyev qanun və fərman imzaladı

Prezident İlham Əliyev 22 iyun 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edib.

Yenicag.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Vətən Müharibəsi Qəhrəmanlarına, onların həyat yoldaşlarına və övladlarına güzəştli şərtlərlə ipoteka kreditindən istifadə etmək hüququ verilib.

***

Prezident İlham Əliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Sənədə əsasən, qanunun 6-cı maddəsinə “Azərbaycan Respublikasının” sözlərindən sonra “dövlət” sözü, “fondlarından” sözündən sonra “, habelə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına” sözləri əlavə edilib.

Belə ki, qanunun hazırda qüvvədə olan 6-cı madəsinə əsasən şəhidlərə və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikasının büdcəsindən, ayrı-ayrı şəxslərin və müxtəlif təşkilatların, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından ödənilir. Bu gündən bu sıraya dövlət icbari şəxsi sığorta vəsaitləri də əlavə edilib.