İlham Əliyev: “Qarabağa heç vaxt müstəqillik verilməyəcək” – Video

“Aprel döyüşləri Azərbaycan Ordusunun böyük qələbəsi idi. Bu döyüşlər zamanı Ermənistanın öz ordusu ilə bağlı uzun illər yaratdığı mif dağıdıldı”.

Bu fikirləri Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında hərbçilərlə görüşdə deyib.

Ölkə başçısı bəyan edib ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır: “Ermənistan işğalın aradan qaldırılması üçün beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymur. Azərbaycan gücləndikcə münaqişənin həlli yaxınlaşır. Münaqişənin həlli isə çox sadədir. Birinci, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəyik, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, tarix və dünya birliyi də bunu belə qəbul edir”.

Dövlət başçısı bildirib ki, ordu quruculuğu prosesi Azərbaycanda dövlət siyasətidir: “Hərbi qulluqçuların sosial məsələlərinin həlli diqqət mərkəzində saxlanılır. Azərbaycan Ordusu bu gün dünyanın ən qüdrətli ordularından biridir. Son illər ordumuzun maddi-texniki bazasının müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb”.

Prezidentin sözlərinə görə, Azərbaycan Ordusunda ruh yüksəkliyi var, vətənpərvərlik hissi çox yüksək səviyyədədir: “Ordumuzun döyüş qabiliyyəti bu gün dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Müxtəlif təhlillər aparılır, hərbi mütəxəssislər öz fikirlərini söyləyirlər. Biz bunu bilirik. Bu gün dünya da bilir ki, həm döyüş qabiliyyəti, həm hərbi-texniki təminat baxımından bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bütün bu nailiyyətləri biz özümüz öz hesabımıza, güclü iqtisadiyyat hesabına əldə etmişik. Güclü iqtisadiyyatımız olmasaydı, bu işləri görə bilməzdik. Bu hərbi şəhərcik həm ordumuzun, həm dövlətimizin gücünü göstərir”.

***

Azərbaycan ordusunda Səfər Əbiyevin dövrü haqda danışan prezident çıxışında deyib: “Bizim hərbi hissələrimizin vəziyyəti bir neçə il bundan əvvəl tam fərqli idi. Mən xüsusi göstəriş vermişdim ki, bu vəziyyət təhlil edilsin, mənə məruzə olunsun və tədbirlər görülsün. Yadımdadır, bir neçə il bundan əvvəl müxtəlif bölgələrimizdə yerləşən hərbi hissələrin fotoşəkilləri mənə təqdim ediləndə, əlbəttə ki, mənzərə çox acınacaqlı idi. Yarıdağılmış binalar, yararsız vəziyyətdə olan kazarmalar. Ordumuzun ərzaq təminatı çox aşağı səviyyədə idi. Ona görə dərhal göstəriş verdim və bu sahədə köklü dəyişikliklər baş verdi. Bu gün Müdafiə Nazirliyinin rəhbərləri bütün bu işləri yüksək səviyyədə təmin edirlər. Yəni, bu gün həm təminat, həm xidmət baxımından Azərbaycan Ordusu dünyada nümunəvi ordular sırasındadır”.

Yenicag.az