Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Bolqarıstanın Baş nazirinin ictimai asayiş və təhlükəsizlik üzrə müavini, müdafiə naziri Krasimir Karakaçanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Yenicag.az xəbər verir ki, Bolqarıstanın Baş nazirinin ictimai asayiş və təhlükəsizlik üzrə müavini, müdafiə naziri Krasimir Karakaçanov ilk dəfə Azərbaycanda 10 il bundan qabaq olduğunu qeyd edərək ötən dövr ərzində Bakıdakı çox böyük inkişafın onlarda dərin təəssürat yaratdığını deyib. Krasimir Karakaçanov bildirdi ki, Azərbaycanda Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə bütün sahələrdə böyük nailiyyətlər əldə edilib və o, bu münasibətlə dövlətimizin başçısına təbriklərini çatdırıb.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev son illər Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksələrək strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıb. Ölkələrimizin bir çox sahələrdə fəal əməkdaşlıq həyata keçirdiyini bildirən dövlətimizin başçısı yüksək səviyyəli səfərlərin bu işdə rolunu qeyd etdi. Enerji sahəsində strateji əməkdaşlığın mövcud olduğunu deyən Prezident İlham Əliyev digər sahələrdə də əlaqələrin genişləndirilməsinin zəruriliyi bildirib.
Görüşdə III “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisinin əhəmiyyətinə toxunulub, Krasimir Karakaçanovun bu tədbirdə iştirakı ikitərəfli münasibətlərimizin inkişafının yaxşı göstəricisi kimi dəyərləndirilib, onun Azərbaycana səfərinin əlaqələrimizin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak Bakıda əməkdaşlığımızın gələcək imkanlarının müəyyənləşdirilməsi ilə bağlı keçiriləcək görüşlərin əhəmiyyətini qeyd edib. Daha sonra qonaq Azərbaycanın həyata keçirdiyi TAP və TANAP layihələrinin önəmini vurğulayıb.
Dövlət başçısı TAP və TANAP layihələrinə verdiyi maliyyə dəstəyinə görə Avropa İnvestisiya Bankına təşəkkürünü bildirib. Prezident İlham Əliyev artıq TANAP layihəsinin rəsmi açılış mərasiminin keçirildiyini, TAP layihəsi üzərində isə işlərin davam etdirildiyini vurğulayaraq bunları əməkdaşlığımızın çox yaxşı göstəricisi kimi dəyərləndirib. Dövlət başçısı bildirib ki, Azərbaycan iqtisadiyyatının inkişafının hazırkı səviyyəsi və mövcud olan əlverişli biznes mühiti ölkəmizi sərmayə qoyuluşu üçün cəlbedici edib. Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı ilə bağlı geniş planların olduğunu deyən Prezident İlham Əliyev ölkəmizin Avropa İnvestisiya Bankı ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu deyib.
Söhbət zamanı infrastruktur, alternativ enerji, kənd təsərrüfatı, ekologiya, özəl sektor, sənaye zonalarının fəaliyyəti ilə bağlı əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.