!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev qəbullar keçirdi - YENİLƏNDİ/FOTOLAR

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Yenicag.az xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:

– Xoş gəlmisiniz, sizi görməyə çox şadam. Əminəm ki, səfəriniz məhsuldar və xoş olacaq. Bizi qədim dostluq telləri bağlayır. Şadam ki, bu gün bizə gəlmisiniz. Əlbəttə, sizin səfərinizin gündəliyi yetərincə zəngindir. Bildiyimə görə, çoxlu görüşləriniz olacaq. Mənim fikrimcə, bu görüşlərin hamısı çox konstruktiv olacaq və onların nəticələrinə əsasən gələcək əməkdaşlıq yollarını planlaşdıracağıq. Ona görə ki, həm əmtəə dövriyyəsinin artırılması, həm də investisiya layihələrinin, mədəni layihələrin həyata keçirilməsi sahəsində böyük potensial var. Ümumiyyətlə, biz qonşuyuq, demək olar ki, eyni regionda yaşayırıq. Buna görə də, kənd təsərrüfatı istiqamətləri ümumiyyətlə oxşardır. Odur ki, kooperasiya üzrə istiqamətlər çoxdur. Bildiyiniz kimi, biz sizin kənd təsərrüfatı texnikasından fəal istifadə edirik və bizim fermerlər razıdırlar. Beləliklə, görüləsi işlər çoxdur, gündəlik zəngindir. Ümidvaram ki, səfəriniz çox səmərəli olacaq. Bir daha xoş gəlmisiniz.

Rostov vilayətinin qubernatoru Vasili Qolobev deyib:

– Sağ olun, İlham Heydər oğlu. Əvvələn, səmimi qəbul üçün Sizə təşəkkür edirik. Biz artıq işə başlamışıq və xeyli görüşlər olub. Biznes nümayəndələri işləyirlər. Bilirəm ki, bu layihələr çox konkretdir, hər iki tərəfin marağına uyğundur. Bu, Sizin dediyiniz kimi, maşınqayıranlara da, “Waterfall PRO” şirkətinə də aiddir. Polimerlər istehsal edən bu şirkət xammalı Azərbaycandan alır. Potensial böyükdür, təqribən 60 min ton məhsuldan söhbət gedir. Ümidvaram ki, həmin şirkətlərlə əldə edilmiş razılaşmalar reallaşacaq. Onlar praktiki olaraq reallaşmağa başlayıb. Rostov vilayəti geniş şaxələndirilmiş regiondur. Son illərdə bizdə sənaye sektorunun, aqrar sənaye sektorunun inkişaf dinamikası yaxşıdır. Turizm potensialının inkişaf etdirilməsi üçün gözəl imkanlarımız var. Bir neçə şirkət elə bu gün əlaqələrin inkişafı barədə sazişlər imzalamağa hazırdır – sabah bu sazişlər imzalanacaq.

Mən humanitar əməkdaşlıq mövzusunu ayrıca qeyd etmək istərdim. Bizim ali məktəblər arasında əməkdaşlıq haqqında bu gün də müqavilələr var. Bilirəm ki, bizim Rostov Dövlət Texniki Universitetinin, Cənub Federal Universitetinin və bir sıra başqa ali məktəblərin konkret əlaqələri reallaşıb. Çox xoşagələn haldır ki, bu tərəfdaşlıq münasibətləri qədim tarixə malikdir.

Rostov vilayətinin qubernatoru Vasili Qolubev Prezident İlham Əliyevə videoyazı olan xatirə albomunu təqdim edib.

Videoalbom 1980-ci ildə o vaxt Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyevin Rostov vilayətinə səfərinə həsr olunub. Səfər zamanı Ulu Öndər Böyük Vətən müharibəsi illərində misilsiz şücaət göstərmiş Azərbaycan əsgərlərinin qəhrəmanlığına həsr edilən və Rostov vilayətinin azad olunmasının rəmzi olan “Sambek yüksəklikləri” xatirə abidəsinin açılışında iştirak edib. O zaman alman faşistləri ilə döyüşlərdə böyük hünərlə vuruşan həmvətənlərimizdən ibarət 130-cu və 416-cı atıcı diviziyalar “Taqanroq” fəxri adına layiq görülmüşdü.

Prezident İlham Əliyev dedi: Bizim ortaq tariximizi xatırlatdığınıza görə çox təşəkkür edirəm. Əlbəttə, 40 il bundan əvvəl Heydər Əlirza oğlu Əliyev Rostov vilayətində bu memorialın açılışında iştirak edib. Bu tarix bizə çox əzizdir. Sağ olun ki, bu xatirəni qoruyursunuz. Riqqət hissi doğuran belə videoçarxa görə sağ olun. Əlbəttə, bu il bizim ümumi Qələbəmizin böyük bayram ilidir. Azərbaycanda Böyük Vətən Müharibəsi veteranları dövlət tərəfindən həm mənəvi, həm də maddi baxımdan dəstəklənirlər. Biz onların fədakarlığını, qəhrəmanlığını həmişə xatırlayırıq. Mən hər il mayın 9-nu adətən Bakıda veteranlarla birgə keçirirəm. Lakin, bu il Vladimir Vladimiroviç Putindən dəvət almışam və mayın 9-da Moskvada olmağı planlaşdırıram. Onu da demək istəyirəm ki, bizim ümumi Qələbəmiz şərəfinə Azərbaycan Ordusunun zabitləri Qızıl Meydanda paradda iştirak edəcəklər.

Fürsətdən istifadə edib onu da demək istərdim ki, bu məsələ barədə Rusiyanın və Azərbaycanın mövqeləri tamamilə eynidir. Böyük Vətən Müharibəsi haqqında həqiqətin təhrif edilməsi, tarixi yenidən yazmaq, faşizmi və faşistləri qəhrəmanlaşdırmaq cəhdlərinə qarşı biz də qətiyyətlə mübarizə aparırıq. Buna görə də, bu məsələdə bizim mövqelərimiz tamamilə üst-üstə düşür. Bu mövqelər həm tarixi həqiqətə, ədalətə, həm də ona əsaslanır ki, gələcək nəsillər kimin təcavüzkar, kimin təcavüz qurbanı olmasına, kimin qalib gəlməsinə və bu Qələbənin nəyin bahasına qazanılmasına heç vaxt şübhə etməsinlər.

Biz həlak olmuş bütün sovet vətəndaşlarının xatirəsini, əlbəttə, bizim nümayəndələrin də xatirəsini Azərbaycanda ehtiramla yad edirik. Müharibədə Azərbaycandan iştirak edənlərin yarısı, 300 min nəfərdən çoxu həlak olub. Müharibə illərində Sovet ordusunun sürtgü yağlarına tələbatının 90 faizini, benzinin və tanklar üçün yanacağın 80 faizini Azərbaycan təmin edirdi. Bu, bizim ümumi Qələbəmizdə mühüm rol oynayıb. Bizim zavodlarda zəruri silahlar, o cümlədən məşhur “Katyuşa” raketləri istehsal edilirdi. Ona görə də, biz həmin günü ehtiramla yad edirik və bu xatirə hədiyyəsinə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Sağ olun.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterinkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Yenicag.az xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev deyib:

– Xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Ümidvaram ki, səfəriniz çox məhsuldar keçəcək. Bildiyiniz kimi, mənim Davos Forumu zamanı Prezident Çakrabarti ilə görüşmək, gələcək planlarımızı müzakirə etmək və görülən işləri bir qədər nəzərdən keçirmək imkanımız oldu. Əməkdaşlığın səviyyəsi bizi çox qane edir. Azərbaycan üçün portfolio 3,5 milyard dolları ötüb. Mənə verilən məlumata görə, bu, 170-dən çox layihədir. Yaxşı məqam ondadır ki, bunun yarısı özəl sektorun payına düşür. Düşünürəm ki, bu, həm də Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin çox yaxşı göstəricisidir. Çünki, Azərbaycanda özəl sektor bu sahədə cəmləşib. Biz onların rəqabətqabiliyyətli olmasına kömək etmək üçün işləyirik. Şadıq ki, qeyri-enerji ixracatımız artır. Bu, şaxələndirilmənin göstəricisidir. Əlbəttə ki, biz daha çox iş görməliyik. Biz, həmçinin lazım olan zaman infrastruktur layihələrimizə verdiyi güclü dəstəyə görə Avropa Yenidənqurma və İnkişaf Bankına minnətdarıq. Lakin indi onların əksəriyyəti uğurla tamamlanıb. Cənub Qaz Dəhlizinə dəstəyə görə sizə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Biz bu yaxınlarda Məşvərət Şurasının 6-cı toplantısı çərçivəsində il ərzində görülən işləri və gələcək planları nəzərdən keçirdik. Beləliklə, tərəfdaşlıq hər zaman çox müsbət olub və müxtəlif vaxtlarda biz diqqəti Azərbaycan iqtisadiyyatının praktiki ehtiyacları üzərində cəmlədik. Düşünürəm ki, bu, həmçinin çox çevik və yekun nəticəyə istiqamətlənmiş yanaşmanın yaxşı göstəricisidir. Sözsüz ki, əməkdaşlığımız ərzində Azərbaycan bütün sahələrdə, o cümlədən, iqtisadi sahədə çox dəyişib. Ona görə də, indi qarşımızda duran çağırışlar və məsələlər 10 il bundan əvvəl üzləşdiklərimizdən fərqlidir. Beləliklə, bizim əsas istiqamətimiz özəl sektor, qeyri-enerji iqtisadiyyatı, yaşıl iqtisadiyyat, sənaye istehsalının artırılmasıdır. Biz qeyri-enerji sektorunda sənaye istehsalında bəlkə də ən yüksək səviyyəyə nail olmuşuq. Ötən il bu 15 faizə yaxın olub. Bu ilin yanvarında rəqəmlər təxminən eynidir. Beləliklə, bu, onu göstərir ki, infrastruktur layihələri, eləcə də, sahibkarlığa olan dövlət dəstəyi çox müsbət investisiya mühiti yaradıb. Siz “Doing Business” hesabatından bizim islahatlarımız barədə bilirsiniz. Biz 20-yə yaxın ən islahatçı ölkə arasında yer almışıq. Lakin yenə də çox iş görülməlidir. Ona görə də mən düşünürəm ki, qarşıdan gələn dövrdə, – biz 2020-ni yaxşı nəticələrlə başlayırıq, – əvvəllər olduğu kimi yenə də Avropa Yenidənqurma və İnkişaf Bankından eyni dəstəyi almaq üçün qısa və uzunmüddətli addımlarımızı və strategiyamızı müvafiq şəkildə planlaşdırmalıyıq. Əminəm ki, sizin bütün əlaqələriniz bizə bu məqsədə çatmağa imkan verəcək. Bir daha xoş gəlmisiniz.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterinkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

www.yenicag.az

771
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv