!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev sədr seçildi - YENİLƏNDİ

!Reklam – Yazi

11:48

Oktyabrın 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü işə başlayıb.

Prezidentin Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşıladı.

Dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Zirvə Görüşünü Qoşulmama Hərəkatının hazırkı sədri olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro açdı.

“Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar.

Zirvə Görüşündə 4 yekun sənədin qəbulu gözlənilir.

***

Venesuela lideri Maduro səsvermə elan edib və etirazların olmadığını bildirərək, Qoşulmama Hərəkatına rəhbərliyin Azərbaycana keçdiyini bəyan edib.

Daha sonra Maduro İlham Əliyevin sədr seçildiyini elan edərək, Azərbaycan Prezidentini qucaqlayaraq, sədrliyi təhvil verib.

***

Daha sonra tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi ilə davam etdirilib.

Prezident bildirib:

“2016-2019-cu illərdə bu hərəkata sədrlik etdiyinə görə Venesuelaya təşəkkür edirəm. Bu hərəkat bütün ölkələrin ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Azərbaycan bu hərəkatda olduğu qısa müddət ərzində beynəlxalq hüququ müdafiə etməklə böyük nüfuz qazanıb.

2019-2022-ci illərdə bu hərəkata sədrliyin Azərbaycana keçməsinə yekdil qərar verilib. Bu, bizim ölkəyə və siyasətimizə olan dəstəkdir. Buna görə təşəkkür edirəm. Bütün ölkələrin ərazi bütövlüyünə, suverenliyinə hörmət edən Azərbaycanın siyasəti Bandunq siyasəti ilə üst-üstə düşür.

Sərhədlərin güc yoluyla dəyişdirilməsi, daxili işlərə müdaxilə yolverilməzdir. Azərbaycan bu hərəkata sədrliyi zamanı digər təsisatlarla dialoq qurmağa, əməkdaşlığı genişləndirməyə çalışacaq”.

İlham Əliyev bildirib ki, hərəkat çərçivəsində iqtisadi münasibətlərin inkişafı mühümdür:

“Keçən ay Azərbaycanın 77-lər qrupuna qoşulması təsadüfi deyil. Azərbaycan 2016-cı ildən 90-dan çox ölkəyə humanitar yardım göstərib. Azərbaycanda gənclər siyasəti prioritetdir. Azərbaycan gəncləri vətənpərvər ruhda tərbiyə alırlar. Buna görə də biz gənclər sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış etmişik və ölkəmizə bu sammitlə bağlı 40 ölkədən qonaqlar gəlib”.

Prezident çıxışında Dağlıq Qarabağın 25 ildir Ermənistanın işğalı altında olduğunu xatırladıb:

“25 ildir Dağlıq Qarabağ və ətrafındakı 7 rayon Ermənistan işğalı altındadır. Ermənistan Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparıb və bir milyon insanı qaçqın salıb. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan yalnız azərbaycanlı olduğuna görə qətlə yetirilib. Bu soyqırım dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınır. BMT qətnamələri bəzən bir neçə gün ərzində yerinə yetirilsə də, Azərbaycanla bağlı verilən qətnamələr 26 ildir icra edilmir. Bu ikili standartlara son qoyulmalıdır”.

***

BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Rozemari Dikarlo çıxış edib.

“Qoşulmama Hərəkatının 18-ci zirvə toplantısının iştirakçılarını salamlayır, Azərbaycanı sədrlik münasibətilə təbrik edirəm. Burdakı üzvlər BMT üzvlərinin üçdə birini təşkil edir. Bu üzvlər sülhün təminatında yaxından iştirak edirlər. Hökumətlərdə dövlətlərə olan inamlar azalır, populist millətçilik, münaqişələr çoxalır. Bu gün biz dünyada çoxtərəfliliklə bağlı müəyyən skeptik yanaşma görürük, təcridolunma baş verir. Biz paradokslarla üz-üzəyik, pərakəndəlik müşahidə olunur. Bizə çoxtərəfli şəbəkə lazımdır ki, regional və beynəlxalq təşkilatlar sıx işləsin. Biz çoxtərəflilik deyəndə parlamentin elmi dairələrinin bir araya gəlməsinə ehtiyac duyuruq.

Biz bilməliyik ki, sabitlik firavan cəmiyyətlər üçün çox vacibdir. Davamlı inkişaf üzrə 2020-ci ilin gündəliyi bizim üçün böyük əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Tamhüquqlu 120 üzvü olan Qoşulmama Hərəkatı özündə 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirir. 1961-ci ildə yaradılmış təşkilata üzv olan hər bir dövlət onun prinsiplərinə bağlılığını bildirməlidir. Hərəkata üzvlük prinsipləri hələ təşkilatın təsis olunmasından əvvəl, 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən konfrans zamanı qəbul edilib.

Azərbaycan Respublikası 2011-ci il mayın 26-da Qoşulmama Hərəkatına üzv ölkələrin yekdil dəstəyini əldə edərək təşkilata tamhüquqlu üzv qəbul olunub. Azərbaycan Hərəkatın müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla onun məqsəd və prinsiplərinə öz töhfəsini verir. Hərəkata üzv olduğumuz qısa müddət ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artıb, təşkilatın daxili prosedur və sənədlərində Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunub. Hərəkata üzvlük, həmçinin beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunması və çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb.

XVIII Zirvə Görüşünə ev sahibliyi edən Azərbaycan Respublikası 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.

www.yenicag.az

3920
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv