Azərbaycan prezidenti İlham Əliyev Qusarda “Şahdağ” qış-yay turizm kompleksinin növbəti inkişaf planları ilə tanış olub.
Yenicag.az xəbər verir ki, baş nazirin birinci müavini Yaqub Eyyubov prezident İlham Əliyevə “Şahdağ” qış-yay turizm kompleksinin hazırkı vəziyyəti və burada bu il ikinci mərhələdə görüləcək işlər barədə məlumat verib.
Qeyd edilib ki, burada dəniz səviyyəsindən 2350 metr yüksəklikdə 5 nömrəli lift meydançası inşa ediləcək və 4,2 kilometr uzunluğunda yeni eniş zolağı tikiləcək. Bu, ən uzun zolaq olmaqla yanaşı, mürəkkəbliyinə görə də qırmızı dərəcəli zolaq olacaq.
Həmçinin dövlət başçısına məlumat verilib ki, bu il kompleksin əsas meydanında əyləncə infrastrukturunun qurulması da planlaşdırılır. Burada “Boulinq”, tennis və digər stolüstü oyunlar zalı, kinoteatr, musiqi mərkəzi, həmçinin suvenir mağazaları, iaşə və xidmət obyektləri inşa ediləcək.
Kompleksin yay mövsümündə də xidmət göstərməsi üçün burada göl yaradılacaq. İkinci mərhələdə görülməsi planlaşdırılan işlərə bu ilin yaz aylarından başlanılacaq. Bunun üçün indidən hazırlıq işləri görülür.
Dövlət başçısına kompleksin yol infrastrukturu barədə də ətraflı məlumat verilib.
Məlumat verilib ki, kompleksin üçüncü mərhələsi ilə bağlı layihələndirmə işləri aparılır. Kompleksin əsas meydanının ərazisi ilə tanış olan dövlət başçısı tapşırıq və tövsiyələrini verib.
Sonra prezident İlham Əliyev “Şahdağ” qış-yay turizm kompleksində xizək sürüb.