Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Samux rayonuna səfərə gəlib.
Yenicag.az xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Samux şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qeyd edək ki, Prezident İlham Əliyev indiyədək bir neçə dəfə Samuxda səfərdə olub. Bu səfərlər rayonun inkişafında mühüm rol oynayıb. 2003-cü ildən başlayaraq 2019-cu ilin sonuna qədər rayonda məhsul istehsalı 3,5 dəfə, sənaye 3,9 dəfə, kənd təsərrüfatı 2,6 dəfə, əsas kapitala yönəldilmiş vəsait isə 19,4 dəfə artıb. 2020-ci ilin birinci rübünədək 24 787 yeni iş yeri açılıb, bu il ödənişli əsaslarla 305, pandemiya ilə əlaqədar isə 150 müvəqqəti iş yeri yaradılıb.
***
İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Samux rayonunun ərazisində məcburi köçkün ailələri üçün inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Samux rayonunda 459 ailədən ibarət 1603 nəfər məskunlaşıb. Onların da böyük hissəsi Kəlbəcər rayonundan olan məcburi köçkünlərdir. İnşasına bu ildən başlanan və hazırda tikintisi davam edən kompleksə rayon ərazisində daha ağır şəraitdə yaşayan məcburi köçkün ailələri köçürüləcək. Kompleksə hər biri dördmərtəbəli olmaqla 9 yaşayış binası daxildir. Hər bir mənzilin tam təmirli vəziyyətdə məcburi köçkünlərə təhvil verilməsi nəzərdə tutulub. Hazırda ərazidə infrastrukturun qurulması ilə bağlı intensiv iş gedir. Buraya elektrik verilişinin təmin olunması, su təchizatının qurulması, qaz xətlərinin çəkilməsi daxildir.
Qeyd edək ki, dörd hektar sahəni əhatə edən yaşayış kompleksinə 144 şagird yerlik tam orta məktəb, 50 uşaq yerlik körpələr evi-uşaq bağçası, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi daxildir. Ərazi tam abadlaşdırılacaq və yaşıllaşdırma işləri həyata keçiriləcək.
Xatırladaq ki, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən siyasət nəticəsində indiyədək 300 mindən çox insanın mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Dövlət büdcəsinin və Dövlət Neft Fondunun vəsaitləri hesabına indiyədək ölkədə 100-dən çox qəsəbə və hündürmərtəbəli binalardan ibarət yaşayış massivləri salınıb.
***
İyunun 24-də Samux rayonunun Qaraağaclı kəndində “Aqro Dairy” MMC-nin aqroparkının təqdimatı olub, buğda biçininə və qarğıdalı səpininə start verilib.
Dövlətimizin başçısı tədbirlərdə iştirak edib.